Dekabrın 25-i Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 90-cı ildönümüdür. Yubiley münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası yaradılıb.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında bir sıra rəsmi sənədlərin tam mətni, yazıçının zəngin həyat və yaradıcılığı, layiq görüldüyü fəxri adlar haqqında məlumat, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır.

“Xalq yazıçısı Yusif Səmədoğlu - 90” adlı bazada akademik Nizami Cəfərovun “Yusif Səmədoğlu yazımı necə itirdi”, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin “Doğumun və ölümün mübarək, Yusif Səmədoğlu!” kimi məqalələrin tam mətni ilə yanaşı, yazıçının qızı Humay Vəkilovanın xatirələri də yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Yusif Səmədoğlunun müəllifi olduğu və haqqında qələmə alınan nəşrlərin, dövri mətbuat nümunələrinin siyahısı təqdim edilir. Elektron bazada “Səməd Vurğun haqqında”, “Dissertasiya və avtoreferatlar”, “Filmoqrafiya”, “Virtual sərgi”, “Foto və video qalereya” kimi bölmələr də mövcuddur.

“Xalq yazıçısı Yusif Səmədoğlu - 90” adlı baza kitabxananın saytında yerləşdirilib.