Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr tarixlərində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da təmsil olunub.
Bu barədə Əlyazmalar İnstitutundan məlumat verilib.
Bakı Ekspo Mərkəzində AMEA üçün ayrılmış zonada Əlyazmalar İnstitutunun 50-yə yaxın kitabı sərgilənib. Onların içərisində 22 monoqrafiya, institut materiallarının tərcümə və ya transfoneliterasiya olunmuş nüsxələri, o cümlədən Heydər Əliyev, Zəfər tariximiz və AMEA-nın 80 illiyi ilə əlaqədar olan yeni nəşrlər və materiallar yer alıb.
Stendi ziyarətçilərə Əlyazmalar İnstitutu kitabxanasının müdiri Briliant Hacıyeva, kitabxananın əməkdaşları Lalə Hüseynova və Firuzə Həmidova təqdim ediblər.