Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün elan olunmuş “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi”nə təqdim edilmiş layihələrin ilkin seçimi və qiymətləndirilməsi başa çatıb.

Müsabiqə şərtlərinə cavab verən layihələrin siyahısı müəyyən olunub və 17-21 oktyabr tarixlərində qeyri-hökumət təşkilatlarının iştirakı ilə açıq təqdimat sessiyaları keçiriləcək.

Sessiyalarda iştirakla bağlı bildirişlər adı ilkin seçim siyahısına daxil edilmiş təşkilatların elektron poçt ünvanlarına göndəriləcək. Sessiyalarda təşkilat nümayəndələri layihələrini təqdim edəcəklər. Təqdimatlar müvafiq sosial şəbəkələr vasitəsilə canlı yayımlanacaq.

Təqdimatlar layihələrin məqsədi, gözlənilən nəticələr, icra mexanizmləri və s. kimi məsələləri əhatə etməlidir. Hər təqdimata 5-15 dəqiqə vaxt ayrılacaq.

Qalib layihələr açıq təqdimat sessiyalarının nəticələrinə əsasən müsabiqə komissiyası tərəfindən müəyyən ediləcək.

Xatırladaq ki, müsabiqə bu ilin 21 iyul – 11 avqust tarixlərini əhatə edib.