Almaniya və Azərbaycan iş adamlarını bir arada görmək və əməkdaşlıq məsələlərini müzakirə etmələri çox təqdirəlayiq haldır. Ümid edirik ki bu konfransdan sonra iş adamları və biznes strukturları arasında daha sıx əlaqələr qurulacaq.
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bu sözləri oktyabrın 7-də Bakıda “Almaniya-Azərbaycan ixracat və maliyyə” konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan ilə Almaniya arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsini üç faktor şərtləndirir.
“Birincisi sülh məsələsidir. Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh prosesi davam edir. Sülh və sabitlik biznesin inkişafı, dayanıqlı formada davam etdirilməsi üçün əhəmiyyətlidir.
İkinci faktor ondan ibarətdir ki, Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərdə yeni dinamika müşahidə olunur. Qarşılıqlı səfərlər və müzakirə olunan məsələlər əlaqələrin yüksələn xətlə inkişaf edəcəyini göstərir. Aİ regiona xüsusi önəm verir və əməkdaşlığı daha da artırmaq niyyətindədir.
Üçüncü faktor isə, cari ilin aprel ayında Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəridir. Səfər çərçivəsində əldə olunan razılaşmalarla Almaniyanın avtomobil sənayesində fəaliyyət göstərən şirkətlər Azərbaycanda eko-avtobus istehsalına başlayacaq. Bununla yanaşı, Almaniya Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır”, - deyə Ralf Horlemann qeyd edib.
Səfir nəzərə çatdırıb ki, Almaniya və Azərbaycan İqtisadiyyat nazirliklərində birgə işçi qrupu yaradılıb: “Bu işçi qrupu qarşılıqlı olaraq iqtisadi potensialı, investisiya mühitini araşdıracaq və qərarlar qəbul edəcək”.
***
Bu gün keçirilən tədbirdə Almaniyanın 40-dan çox iş adamı və biznes strukturunun nümayəndəsi iştirak edir. Konfrans çərçivəsində özəl sektorun qarşılıqlı əlaqələrinin genişləndirilməsi və potensial imkanlar müzakirə ediləcək.
Bunu Almaniya-Azərbaycan Ticarət Palatasının sədri Narqis Vik (Nargis Wieck) konfransda çıxış edərkən deyib.
O bildirib ki, Almaniya biznesi dəqiqlik və şəffaflığa daha çox üstünlük verir.
“Azərbaycan qanunvericiliyi burada şəffaf biznes qurmağa əhatəli imkanlar yaradıb. Konfransda hər iki tərəfin iş adamlarının tanış olması, əlaqələr yaratması üçün əlverişli zəmin hazırlanıb. Bu imkandan yararlanmaq lazımdır. Konfransda təcrübə və biliklərin paylaşması da vacib məsələlərdən biridir. Almaniya sənayesinin inkişafı yerli iş adamları və biznes qurumları üçün təcrübə ola bilər. Azərbaycanda həyata keçirilən islahatlar investisiya yatırılması, çevik və sərbəst biznesin qurulmasına imkan verir. İstər Almaniyanın, istərsə də Azərbaycanın böyük iqtisadi potensialı var. Bu potensialdan istifadə etmək lazımdır”, - deyə o nəzərə çatdırıb.
***
İndiyədək Azərbaycan ilə Almaniya arasında 80 saziş imzalanıb. Bu sazişlər üzrə qarşılıqlı əməkdaşlıq davam edir. Azərbaycanda 199 alman şirkəti qeydiyyatdan keçib və müxtəlif sahələr üzrə fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dolları keçib və dövriyyənin artırılması istiqamətində qarşılıqlı tədbirlər həyata keçirilir.
Bu faktları isə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli konfransında çıxışı zamanı diqqətə çatdırıb.
O qeyd edib ki, Azərbaycan Almaniyanın ən etibarlı təbii qaz təchizatçısıdır ki, bu da enerji sahəsində əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün imkanlar yaradıb: "Bununla yanaşı Azərbaycan ekoloji təmiz enerji istehsalına üstünlük verir. Xəzər dənizi külək enerjisi istehsalı üçün əlverişlidir. İxrac üçün nəzərdə tutulan təmiz enerji istehsalına geniş şərait yaradılıb. Artıq Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları elan edilib. Azərbaycan 2050-ci ilə kimi karbon qazını 40 faiz azaltmağı planlaşdırıb və bunun üçün xarici şirkətlərlə əməkdaşlıq davam edir, investisiyalar cəlb olunur”.
S.Bəşirli vurğulayıb ki, Azərbaycan nəqliyyat tranzit sahəsində də əməkdaşlığı artırmaq niyyətindədir: “Orta Dəhliz və onun davamı olan Zəngəzur dəhlizi Asiya ilə Avropanı birləşdirən beynəlxalq əhəmiyyətli layihələrdir”.
Qeyd edək ki, konfrans çərçivəsində Almaniyanın "Siemens Energy Global GmbH & Co. KG" şirkəti və Azərbaycandan Gürcüstana və daha sonra Avropaya yaşıl enerjinin tədarükünü nəzərdə tutan Qara dəniz sualtı enerji kabeli layihəsinin idarə edilməsini həyata keçirən "Green Energy Corridor Power Company" (GECO) birgə müəssisəsi arasında aAnlaşma memorandumu imzalanıb.