Oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. 

Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Liderlər toplantı öncəsi çay masası ətrafında söhbət ediblər.

TDT-nin 12-ci Zirvə görüşünə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, TDT-də müşahidəçi üzv statusu olan Macarıstanın Baş naziri Viktor Orban və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar qatılıblar.

***

Qeyd edək ki, türkdilli dövlətlərin başçıları ikinci dəfə Qəbələ şəhərində bir araya gəlirlər.

2013-cü ilin 16 avqustunda Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ, 2019-cu ildən Türk Dövlətləri Təşkilatı adlanır) III Zirvə toplantısı keçirilmişdi. Həmin sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Abdullah Gül, Qırğızıstan Prezidenti Almazbek Atambayev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyev iştirak etmişdilər.