Tarixdəki olaylar

 

30 sentyabr 1920 – Moskvada Sovet Rusiyası ilə Azərbaycan Sovet Sosialist Respublikası arasında hərbi-iqtisadi ittifaq haqqında müqavilə imzalanıb. Müqavilə sovet Azərbaycanının müstəqilliyinin formal xarakter daşıdığının göstəricisi idi. Müqaviləyə əsasən, Azərbaycan hərbi məsələlərdə bütün idarəetmə səlahiyyətlərini, iqtisadiyyatda isə taleyüklü qərarların qəbulunu, o cümlədən neft sahəsinin idarə olunmasını Rusiyaya verdi.

 

30 sentyabr 1966  Böyük Britaniyanın Cənubi Afrikadakı müstəmləkəsi olan Botsvana müstəqilliyini elan edib. Botsvana 1885-ci ildə  Britaniyanın protektoratlığına keçmişdi.

 

30 sentyabr 1990  Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilib. İlk dəfə olaraq seçkilər alternativ əsasda və çoxpartiyalı şəraitdə keçirilib. Ali Sovetə seçkilərin ilk turunda 360 dairədən üçdə ikisində deputatlar seçildi, qalan dairələr üzrə təkrar seçkilər elan edildi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

30 sentyabr 1891 – Azərbaycanın Xalq artisti Aleksey Lvoviç Qripiç (1891–1983) anadan olub. Dövlət Rus Dram Teatrında (1936–1948) quruluşçu rejissor və baş rejissor işləyib.

 

30 sentyabr 1917 – Məşhur teatr rejissoru, Rusiyanın Xalq artisti, pedaqoq Yuri Petroviç Lyubimov (1917 – 5.10.2014) anadan olub. Uzun illər Taqanka Teatrının rəhbəri olub.

 

30 sentyabr 1920 – Əməkdar incəsənət xadimi, rejissor Lətif Bəşir oğlu Səfərov (1920 – 9.12.1963) Şuşada doğulub. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk sədri olub.

 

30 sentyabr 1933 – Bəstəkar, truba ifaçısı, dirijor, pedaqoq Əziz Əkbər oğlu Əzizli (1933–2005) Bakıda anadan olub.

 

30 sentyabr 1945 – Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945 – 29.10.1983) Şəkidə doğulub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Dünyanın keşiyində” və s.

 

30 sentyabr 1950 – Bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884 – 1950) vəfat edib. “Aşıq Qərib” operası, “Əlli yaşında cavan” musiqili komediyasının müəllifidir.

 

30 sentyabr 1988 – Əməkdar incəsənət xadimi, rəssam Əbdülxalıq (Əbdülxalıq Əbdüləli oğlu Rzaquliyev; 5.5.1920 – 1988) vəfat edib.

 

30 sentyabr 1991 – Tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (23.10.1953 – 1991) dünyasını dəyişib.

 

30 sentyabr 2021 – Tanınmış müğənni Səyyad Əşrəf oğlu Əlizadə (6.8.1958 – 2021) vəfat edib.

 

30 sentyabr 2021– Azərbaycan və Özbəkistanın Əməkdar artisti Kövkəb Əliyeva (1935–2021) vəfat edib.

Hazırladı: Vüqar Orxan