27 sentyabr "Azərbaycan Respublikasında Anım Günü”dür. Vətən uğrunda canını fəda etmiş şəhidlərimizə ehtiram əlaməti olaraq təsis edilib.
Tarixdəki olaylar
27 sentyabr 1534 – Sultan I Süleymanın (Qanuni) başçılıq etdiyi Osmanlı ordusu Şah Təhmasibin başçılıq etdiyi Səfəvi qoşunlarını məğlub edərək Cənubi Azərbaycanın bir hissəsini, o cümlədən Təbrizi ələ keçirib. Lakin yerli əhalinin müqaviməti, eləcə də qışın sərt keçməsi və ərzaq çatışmazlığı Osmanlı qoşunlarını geri dönməyə məcbur edib.
27 sentyabr 1991 – Azərbaycan Kommunist Gənclər Təşkilatının – komsomolun fəaliyyətinə xitam verilib. Bir qədər əvvəl (14 sentyabr 1991-ci il) Azərbaycanda Kommunist Partiyası fəaliyyətini dayandırmışdı.
27 sentyabr 2020 – Azərbaycanda 2-ci Qarabağ müharibəsi – Vətən müharibəsi başlanıb. 44 gün sürən və tarixi Zəfərlə başa çata müharibə nəticəsində Azərbaycan otuz ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı sərəncamla 27 sentyabr "Azərbaycan Respublikasında Anım Günü” elan edilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
27 sentyabr 1871 – İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1926) laureatı Qrasiya Deledda (Grazia Deledda;1871 – 15.8.1936) anadan olub.
27 sentyabr 1930 – Əməkdar mədəniyyət işçisi Nina Qriqoryevna Fişeva (1930 – 29.8.2010) Bakıda anadan olub. 1959–2009-cu illərdə Azərbaycan Respublikası Dövlət Foto-Kino Sənədlər Arxivinin direktoru işləyib.
27 sentyabr 1931 – Əməkdar incəsənət xadimi, musiqişünas, professor Bilqeyis Mir Əbdül Qəni qızı Qarayeva-Məmmədova (1931 – 3.7.2010) anadan olub. Konservatoriyada (indiki Bakı Musiqi Akademiyası) prorektor işləyib.
27 sentyabr 2012 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Qasım oğlu Atakişiyev (20.5.1940 – 2012) vəfat edib. Musiqili Komediya, Ağdam, Gəncə teatrlarında çalışıb.
27 sentyabr 2021 – Xalq artisti, tanınmış müğənni Teymur İbrahim oğlu Mirzəyev (1936–2021) vəfat edib. “Qaya” vokal kvartetinin bədii rəhbəri olub.
27 sentyabr 2024 – Britaniyalı aktrisa, iki dəfə “Oskar” mükafatçısı Marqaret Smit (Margaret Natalie Smith; 28.12.1934 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan