Tarixdəki olaylar

 

25 sentyabr 1969 – Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının toplantısında İslam Konfransı Təşkilatı təsis olunub. 57 dövləti birləşdirir. 2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı adlanır. Katibliyi Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir.

 

25 sentyabr 1993 – MDB dövlət başçılarının Moskvadakı sammitində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan arasında görüş keçirilib. Rusiya rəhbəri Boris Yeltsinin vasitəçiliyi ilə baş tutan görüşdə cəbhə xəttində atəşkəs müzakirə olunsa da, ermənilər oktyabrın əvvəlində yenidən Qarabağın cənubunda – Cəbrayıl-Füzuli rayonları ərazisində işğalçılıq hücumlarına başladılar.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

25 sentyabr 1765 – Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski; 1765 – 15.10.1833) anadan olub.

 

25 sentyabr 1890 – Folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 – 2.9.1988) anadan olub.

 

25 sentyabr 1896 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Sergey Mitrofanoviç Yefimenko (1896-1971) anadan olub. 1927-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında rəssam və baş rəssam işləyib, Opera və Balet Teatrında çalışıb.

 

25 sentyabr 1897 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1949) Vilyam Folkner (William Cuthbert Faulkner; 1897–1962) anadan olub. “Avqustda işıq”, “Şəhər”, “İmarət” və s. romanların müəllifidir.

 

25 sentyabr 1906 – Rus bəstəkarı Dmitri Dmitriyeviç Şostakoviç (1906 – 9.8.1975) anadan olub. “Burun”, “Mtsen qəzasının ledi Makbeti” operaları, “Qızıl əsr”, “İşıqlı bulaq” baletləri, 15 simfoniya və s. əsərlərin müəllifidir. Moskva Konservatoriyasında Qara Qarayevin müəllimi olub.

 

25 sentyabr 1906 – Əməkdar artist, opera müğənnisi Xanlar Məmməd oğlu Haqverdiyev (1906 – 5.12.1980) Ağdam rayonunun Seyidli kəndində doğulub. Akademik Opera və Balet Teatrında çalışıb.

 

25 sentyabr 1906 – Xalq artisti Solmaz (Nina) Orlinskaya (1906–1973) anadan olub. Tiflis Azərbaycan teatrında çalışıb, 1933-cü ildən Gəncə Dram Teatrının aktrisası olub.

 

25 sentyabr 1910 – Xalq artisti Sergey İliç Yakuşev (1910–1995) Həştərxanda doğulub. 1948-ci ildən Dövlət Rus Dram Teatrının aktyoru olub.

 

25 sentyabr 1913 – Xalq rəssamı, Dövlət mükafatları laureatı Nüsrət Möhsün oğlu Fətullayev (1913 – 1.10.1987) Lənkəran rayonunda doğulub. 1935-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, teatrın baş rəssamı olub.

 

25 sentyabr 1928 – Kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Arif Hacıağa oğlu Babayev (1928 – 26.8.1983) Bakıda doğulub. Filmləri: “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.

 

25 sentyabr 1929 – Kitabxanaşünas alim Tacəddin Fərhad oğlu Quliyev (1929–2005) Goranboy rayonunun Zeyvə kəndində anadan olub. Respublika Kitabxana Kollektorunun direktoru, BDU-nun kafedra müdiri işləyib.

 

25 sentyabr 1935 – Tanınmış ədəbiyyatşünas, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 – 6.6.1997) anadan olub. “Dairələr”, “İnsan yolu”, “Tarixə çatmaq” və d. fəlsəfi-bədii əsərlərin müəllifidir.

 

25 sentyabr 1946 – Xalq artisti, opera müğənnisi Şahlar Həsənağa oğlu Quliyev (1946 – 26.10.2024) anadan olub. Uzun illər Akademik Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Nofəl (“Leyli və Məcnun”), Aslan şah (“Şah İsmayıl”), Həsən xan (“Koroğlu”) və s.

 

25 sentyabr 1984 – Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Talıb qızı Kazımova (27.12.1912 – 1984) vəfat edib.

Hazırladı: Vüqar Orxan