Tarixdəki olaylar

 

26 sentyabr 1371 – Serbiya ərazisindəki Maritsa çayı sahilində serb, xorvat, bolqar və macarların müttəfiq ordusu ilə Osmanlı qoşunları arasında döyüş olub. Sultan İldırım Bəyazidin qoşunları müttəfiqlərin ordusunu məğlub edib. Serbiya və indiki Bolqarıstanın əsas hissəsi, habelə Makedoniya və Qərbi Frakiya Osmanlının nəzarətinə keçib. Osmanlının Balkan yarımadasında hökmranlığı beş əsr sürdü.

 

26 sentyabr 1918 – Azərbaycanın bütün ərazisində Xalq Cümhuriyyəti hakimiyyətinin bərqərar olunması üçün hərbi əməliyyatları davam etdirən Nura paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Qarabağda erməni-daşnak qüvvələrinə güclü zərbə endirib. Qafqaz İslam Ordusunun hissələri Şuşa şəhərinə daxil olub. Əhali ordunu böyük təntənə ilə qarşılayıb.

 

26 sentyabr 2002 – Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini nəzərə çatdıran ilk qətnamə qəbul olunub. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin təşəbbüsü ilə Ermənistanın Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bağlı qətnaməyə bu ölkənin Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilər haqqında bənd əlavə edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

26 sentyabr 1888 – Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Eliot (Thomas Stearns Eliot; 1888 – 4.1.1965) anadan olub.

 

26 sentyabr 1889 – Alman filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Martin Haydeger (Martin Heidegger; 1889 – 26.5.1976) anadan olub.

 

26 sentyabr 1936 – Əməkdar artist, tanınmış rəqqas Kamil Hənifə oğlu Dadaşov (1936 – 15.10.2016) Bakının Novxanı kəndində anadan olub.

 

26 sentyabr 1951 – Xalq artisti Ramiz Soltan oğlu Məmmədov (1951 – 21.3.2021) anadan olub. Akademik Musiqili Teatrda çalışıb. Televiziya tamaşalarında, filmlərdə (“Alma almaya bənzər”, “Yalan”) çəkilib.

 

26 sentyabr 1961 – Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897 – 1961) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.

 

26 sentyabr 1967 – Əməkdar artist Nağəddin Ağarza oğlu Məmmədov (1967 – 22.5.2019) Göygöl rayonunda doğulub. Gəncə Dövlət Kukla Teatrının aktyoru olub.

 

26 sentyabr 2002 – Əməkdar artist, vokalçı (soprano) Mariya Sergeyevna Titarenko (27.3.1917 – 2002) vəfat edib. Akademik Opera və Balet Teatrının solisti olub.

 

26 sentyabr 2008 – Əməkdar incəsənət xadimi, kinooperator Şərif  İsmayıl oğlu Şərifov (13.10.1938 – 2008) vəfat edib. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Qərib cinlər diyarında” və s.

 

26 sentyabr 2021 – Əməkdar incəsənət xadimi, bəstəkar Adil Musa oğlu Bəbirov (15.2.1934 – 2021) vəfat edib. Ömrünün son illərini Kanadada yaşayıb.

Hazırladı: Vüqar Orxan