Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və maarif xadimi Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində virtual kitab sərgisi hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Seyid Əzim Şirvaninin qəzəlləri, təmsilləri və digər şeir nümunələri ilə yanaşı, “Seçilmiş əsərləri” 3 cilddə, “Hekayələr, təmsillər”, “Seyidəm ərseyi-eşq içrə”, “Aləmdə səsim var mənim”, “Məhəmməd Füzuli və Seyid Əzim Şirvaninin nət və qəsidələrinin şərhi” kimi 10-dan çox kitabının tam mətni təqdim edilir. Dövrü mətbuat səhifələrində işıq üzü görən “Füzuli ədəbi məktəbinin layiqli davamçısı”, “Zəngin ədəbi irsi ilə əbədiyaşarlıq qazanmış şair”, “Söz və elm uğrunda maarifçilik ideyalarının carçısı”, “Seyid Əzimin poetik əzmi” kimi məqalələrin də tam mətni sərgilənir.