Sentyabrın 29-da Medianın İnkişafı Agentliyində II Azərbaycan–Özbəkistan Media Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”ndən irəli gələn məsələlərin icrasından bəhs edib, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən media sferasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, qarşılıqlı təcrübə və informasiya mübadiləsi, birgə layihələrin təşkili, həmçinin peşəkar kadrların inkişafına yönəlmiş təşəbbüslər əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir.

Özbəkistan nümayəndə heyətinin rəhbəri Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin medianın inkişafı sahəsində də mühüm nəticələr verdiyini qeyd edib, informasiya mübadiləsinin intensivləşməsi və birgə media layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ənənəvi media forumlar iki qardaş ölkənin media sahəsində yeni əməkdaşlıq imkanlarını müəyyənləşdirmək və gələcək hədəfləri birgə planlaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

***

Həmin gün Medianın İnkişafı Agentliyində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”nin icrası çərçivəsində Özbəkistanın bir sıra dövlət qurumlarının kommunikasiyaya məsul nümayəndələri ilə görüş keçirilib.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan ilə Özbəkistan arasında media və kommunikasiya sahəsində münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edərək, bu əməkdaşlığın hər iki ölkənin informasiya siyasətinin təkmilləşdirilməsinə, peşəkar təcrübə mübadiləsinə və kommunikasiya institutlarının qarşılıqlı fəaliyyət imkanlarının genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Özbəkistanlı nümayəndələr Azərbaycanla media və kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi” çərçivəsində həyata keçirilən layihələr dövlət qurumlarının mətbuat xidmətləri arasında təcrübə mübadiləsini genişləndirməklə yanaşı, onlar üçün yeni peşəkar inkişaf imkanları da yaradır.

***

Sentyabrın 29-da Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma proqramının birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının bir sıra dövlət qurumlarının kommunikasiyaya məsul nümayəndələri üçün “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar təşkil olunub.

Bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Agentliyin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva vurğulayıb ki, seminar dövlət qurumlarının kommunikasiya potensialının gücləndirilməsinə, ictimaiyyətlə əlaqələrin daha effektiv qurulmasına və müasir çağırışlara uyğun yanaşmaların formalaşdırılmasına xidmət edir.

ADA Universitetinin İxtisasartırma proqramının meneceri Sevinc Hüseynova çıxışında bildirib ki, strateji kommunikasiya üzrə keçirilən seminar iştirakçılar üçün həm nəzəri, həm də praktiki biliklərin inteqrasiyası baxımından vacib təcrübədir və dövlət qurumlarında çalışan mütəxəssislərin peşəkarlığının artırılmasına və innovativ yanaşmaların tətbiqinə geniş imkan yaradır.

Seminarı Medianın İnkişafı Agentliyinin Müşahidə şurasının üzvü, ADA Universitetinin kommunikasiya və rəqəmsal media ixtisası müəllimi Şəfəq Mehralıyeva aparıb. İştirakçılara ictimai narrativlərin düzgün qurulması, strateji yanaşmaların tətbiqi və kommunikasiya prosesində auditoriyaya effektiv mesajların çatdırılması barədə praktik məlumatlar təqdim olunub.

Müzakirələrdə qeyd olunub ki, müasir dövrdə kommunikasiya yalnız informasiyanın ötürülməsi ilə məhdudlaşmır, həm də dövlət qurumlarının nüfuzunun möhkəmləndirilməsində və vətəndaşlarla qarşılıqlı etimadın formalaşdırılmasında mühüm rol oynayır. Xüsusilə, rəqəmsal media alətlərindən səmərəli istifadə və məqsədyönlü kommunikasiya siyasətinin hazırlanması uğurlu nəticələrin əldə olunmasında əsas şərtlərdən biri kimi dəyərləndirilib.