Hər şey işıqların sönməsi ilə başlanır. Tamaşaçı zalına sükut çökür. Səhnənin qaranlığında bir nəfər görünür – o, aktyordur. Hər dəfə yeni bir insan, yeni bir ömür, yeni bir hekayə kimi gəlir səhnəyə...

Müsahibimiz səhnəmizin sevilən siması, Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Fizuli Hüseynovdur.

 

Fizuli müəllim, bu yaxınlarda (9 sentyabr) 63 yaşınız tamam oldu. Bəlkə öncə bir az keçmişə gedək. İncəsənətə, teatra marağınız necə yarandı?

– Uşaqlıqdan dəqiq elmlərə marağım olmayıb. Ali təhsilimi indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almışam. Ali məktəbi bitirdikdən sonra müəllimlərim məni bu sahədə faydalı olacağıma inandırdılar. Beləliklə, bu sənətə üz tutdum.

 

Sənətə gəldiyiniz üçün peşman deyilsiniz ki?

– Düzünü desəm, hərdən peşmançılıq olur...

 

Nədən yaranır bu peşmançılıq?

– Hərdən bu sahədə ədalətsizlik, çoxlu intriqa görürəm. Öz-özümə deyirəm ki, bu sənətə gəlməklə səhv elədim. Amma nə etmək olar, hərənin bir qisməti var.

 

Teatrda ilk oynadığınız tamaşa və obraz hansı olub?

– İlk rolum 1987-ci ilə təsadüf edir. Yadımdadır, hərbi xidməti yenicə başa vurmuşdum. Görkəmli sənətkarımız, Xalq artisti Həsənağa Turabov (həmin vaxt Akademik Milli Teatrın direktoru və bədii rəhbəri – red.) öz rolunu mənə təklif etdi. İlyas Əfəndiyevin “Şeyx Xiyabani” əsərində baş rolu oynadım.

 

Bəs ilk rol aldığınız film hansıdır?

– İlk dəfə Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə lentə alınmış “Bəyin oğurlanması” filmində Elxan rolunu oynamışam. Ümumilikdə 15-dən çox filmdə rol almışam.

 

Tamaşalarda rol seçmək istəyiniz olurmu?

– Xeyr. Bunu edənlərə də mən həmişə aciz adamlar kimi baxıram. Rejissor mənə hansı rolu məsləhət görürsə, onu da oynayıram.  

 

Çıxış etdiyiniz tamaşalarda, yəqin ki, sevə-sevə oynadığınız rollar var?

– Gənclik illərimdə Vaqif Səmədoğlunun “Yayda qartopu oyunu” tamaşasında Kor Adil obrazını oynamışdım. Mərhum rejissor Hüseynağa Atakişiyev o əsəri səhnəyə qoymuşdu. Mən də böyük həvəslə məşqlərdə iştirak etdim və bu rolu canlandırdım.

 

Səhnədə başınıza gələn maraqlı bir hadisəni bizə nəql edərdiniz?

– Elçinin “Teleskop” əsərində oynayırdım. Həmin vaxtı belimdən yeni əməliyyat olunmuşdum. Tamaşa zamanı aktrisanın əllərindən tutub başımın üstünə qaldırmalı idim. Tamaşadan əvvəl belimdən bərk ağrı tutdu. Tez təcili yardım çağırdılar. Belimdən iki dənə iynə vurdular, ondan sonra yavaş-yavaş düzəldim.

 

Hansı ölkələrdə qastrol səfərlərində olmusunuz?

– Teatrla birlikdə Türkiyə, Almaniya, Qazaxıstan və digər ölkələrdə olmuşuq. Türkiyədəki qastrol səfərimiz çox böyük uğur qazanmışdı. İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində İlyas Əfəndiyevin repressiya illərindən bəhs edən "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasını göstərdik. Ayaz Turan rolunu oynayırdım. Mərkəz 2500-dən çox tamaşaçı tuturdu. Tamaşada belə bir monoloqum var. Söyləyirəm ki, niyə gürcülərə gürcüstanlı yox, gürcü, ingilislərə ingiltərəli yox, ingilis deyirlər. Amma azərbaycanlıya türk yox, azərbaycanlı deyirlər, axı bizim milli adımız türkdür. İnanırsınız, bu sözü deyəndən sonra zal ayağa qalxdı, yarım saat bizi alqışladılar.

 

Qeyd etdiniz ki, 15-dən çox filmdə çəkilmisiniz. Maraqlıdır, rol aldığınız filmlərdə ən çox qonorarınız nə qədər olub?

– Açığı, elə yadımda deyil. Amma son illərdə filmlərdə birgünlük çəkilişlərim olub. Həmin filmlərdən 600-700 manat qonorar almışam.

 

Bəs gənc rejissorlardan sizə təklif gəlsə, onlara dəstək olarsınızmı?

– Gəlib də, oturub danışmışıq da. Məsələn, “Soyuq günəş” filmindən bir qəpik də qonorar almamışam. Çünki komanda peşəkar idi. Çox təəssüf ki, onların əlində güclü maddi imkan yox idi. İnanıram ki, o komandanın əlində güclü imkan olsa, daha yaxşı filmlər çəkə bilər. Bundan başqa, dostlardan kimsə xahiş edəndə, kiməsə kömək lazım olanda edirəm. Ancaq çalışıram ki, özümü qiymətdən salmayım...

 

– Tamaşalarda xanım tərəf-müqabillərdən kiminlə işləmək daha rahatdır?

– Birmənalı şəkildə deyə bilərəm ki, Sənubər İsgəndərli. Firəngiz Mütəllimova, rəhmətlik Amaliya Pənahova ilə sevə-sevə tərəf-müqabili olmuşam. Amma indi bir tamaşada rol alıramsa, partnyorumun Sənubər xanımın olmasını istəyirəm. Çünki onunla söhbətimiz alınır və bir-birimizi yaxşı anlayırıq. Yaxud mübahisəmiz olsa belə, iş üçün bir-birimizi qəbul edirik.

 

– Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

– Asudə zamanlarımı əsasən dostlarımla keçirirəm. Həmçinin balıq tutmağı çox sevdiyim üçün boş vaxtım olan kimi balıq tutmağa gedirəm.

 

– Yaşadığınız ömrün yarıdan çoxunu bu sənətə həsr etmisiniz. Teatrlarımızın hazırkı vəziyyətindən razısınızmı?

– Xeyr...

 

Niyə?  

– Fikrimcə, teatrda repertuar siyasəti azad olmalıdır. Mən həmişə deyirəm ki, tamaşaçı qəzetdə yazılan, efirlərdə deyilən şeylərə teatrda baxacaqsa, onlar üçün maraqsız olacaq. Bu gün cəmiyyətdə çoxlu problemlər və suallar var. Teatr o suallara cavab verəcək əsərlərə müraciət edəcəksə, daha baxımlı olacaq. Teatrın inkişafı üçün mənim xüsusi bir təklifim də var...

 

Nədir o təklif?

– Təklifim odur ki, içkiyə və siqaretə əlavə vergi qoyulsun. Həmin gəlirlə açıq və şəffaf şəkildə bir fond yaranır. O fonda da rəhbər məni qoyurlar. Dövləti əziyyətə salmadan fondda yığılan pullarla incəsənət təhsili almaq üçün xarici ölkələrə tələbələr göndərmək, filmlər çəkmək və s. olar.

Bundan başqa, düşünürəm ki, teatrı sevən bir menecer-direktor olmalıdır. O, teatrlara rejissorlar dəvət edib tamaşalar hazırlamalı və bunu satmalıdır. Yaxşı mal yaxşı da qiymətə satılır. Sizi inandırım ki, elə əsərlər var ki, biletin birini 100 manatdan da satmaq olar. Bir sözlə, bu işin reklamını düzgün qurmaq lazımdır.

 

Bəs maddi vəziyyətiniz necə, sizi qane edirmi?

– Təbii ki, bu sahədə vəziyyət elə də ürəkaçan deyil. Bilirsiniz, bir çox ölkələrdə aktyorların özünün meneceri olur. Menecer səni təqdim edir, qiymətini danışır. Bizdə elə bir şey yoxdur. Kim kino çəkmək istəyirsə, çağırıb məni deyir ki, hələlik vəziyyət ağırdır, imkanlarımız məhduddur, gələcəkdə yaxşı olar. Mən də deyirəm ki, vəziyyətiniz yaxşı olanda çağırın (gülür).

 

– Aktyorluğa yeni gələn gənclərə nə demək istərdiniz?

– Mən bir az pessimist adamam. Fikrimcə, 10-15 ildən sonra bu peşəyə elə də ehtiyac olmayacaq.

 

Nəyə görə belə düşünürsünüz?

– Artıq cəmiyyətdə hamı aktyordur, həyatın özü isə səhnədir. Həmçinin günümüzdə süni intellekt durmadan inkişaf edir. Belə güman edirəm ki, gələcəkdə maraqlı quruluşlar üçün robotlar olacaq. Ona görə də aktyora ehtiyac qalmayacaq. Gənclər özlərinə əlavə peşə də tapsalar, daha yaxşıdır.

 

Son olaraq gələcək planlarınızdan danışaq. Yeni mövsümdə tamaşaçılar sizi hansı rollarda görəcək?

– Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası oldu. Əsərin süjeti XIX əsrin əvvəllərinə baş verən tarixi hadisələrə əsaslanıb. Tamaşada mən əsas rollardan birini – general Sisianov obrazını canlandırmışam. Mövsüm hələ yeni açılıb. Rejissorlar iş verərlərsə, maraqlı iş olacaqsa, məmnuniyyətlə işləyəcəyik.

 Söhbətləşdi: Nurəddin Məmmədli