Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə Stadionunda keçirilən tədbiri izləyiblər.
Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.
Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.
Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.
Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və Müstəqil Dövlətlər Birliyinin baş katibinin müavini Nurlan Seytimov çıxış ediblər. N.Seytimov MDB-nin baş katibi Sergey Lebedevin məktubunu oxuyub.
Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, MDB Oyunları ilk dəfə 2021-ci ildə Rusiya Federasiyasında – Tatarıstanın Kazan şəhərində keçirilib. 2023-cü ildə II MDB Oyunlarına Belarus Respublikası (Minsk) ev sahibliyi edib.
III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçirilir. Oyunlarda MDB-nin səkkiz ölkəsi (Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan), həmçinin Türkiyə, Kuba, Küveyt, Pakistan və Oman təmsil edilir. Oyunlar 23 idman növü izrə keçirilir. Atletlər 23 idman növü üzrə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə aparacaqlar.