Mərakeş Kralı VI Məhəmmədin himayəsi və Asilah Forum Fondunun təşəbbüsü ilə təşkil olunan 46-cı Beynəlxalq Asilah Mədəniyyət Festivalının payız sessiyası 25 sentyabr – 12 oktyabr tarixlərində keçirilir.

Bu barədə Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, qırx ildən artıqdır bu festival Mərakeşin mədəni təsirinə mühüm töhfə verən və mədəni inkişafda daha geniş səy və təşəbbüsləri dəstəkləyərək fikir, siyasət, media və incəsənət dünyasının aparıcı xadimlərini bir araya gətirir.

Builki proqrama “Yaradılış Çadırı” çərçivəsində keçirilən “Məhəmməd Bənəissa: dövlət xadimi və mədəniyyət əfsanəsi” adlı xüsusi tədbir də daxildir. Tədbir Asilah Forumun təsisçisi, Mərakeşin mədəniyyət (1985–1992) və xarici işlər (1999–2007) naziri olmuş Məhəmməd Bənəissanın (Mohamed Benaissa; 1937–2025) xatirəsinə və onun düşüncə, yaradıcılıq və mədəniyyətlərarası dialoqu təşviq edən irsinə həsr olunub.

Sentyabrın 30-da Yeni Cənubi Siyasət Mərkəzi (PCNS) ilə birgə təşkil edilən Atlantik Təşəbbüsü Konfransı: “Atlantik məkanın inteqrasiya edilmiş Afrika baxışına doğru” payız proqramının 13-cü buraxılışı da festivalın tədbirlər proqramına daxildir.

Oktyabrın 9-da isə festival çərçivəsində Afrika Poeziya mükafatının təqdimatı olacaq.

Qeyd edək ki, Mərakeşin qədim şəhərlərindən olan Asilah mədəni turizm mərkəzi kimi tanınır və hər il müxtəlif incəsənət tədbirlərinə ev sahibliyi edir.

***

Krallığın qədim tarixi-mədəni irsə malik Zaqora şəhəri isə oktyabrın 5-dən 9-dək 19-cu Trans-Sahara Film Festivalını qəbul edəcək.

Festival Draa vadisində film istehsalını təşviq edən, Mərakeş film rejissorları ilə dünyanın hər yerindən olan həmkarları arasında mübadiləyə imkan yaradan mühüm platformadır.

Ənənəvi festival regionun mədəni, sosial, iqtisadi və turizm potensialını təşviq etmək məqsədi daşıyır.

Yeri gəlmişkən, 2025-ci ilin ötən dövründə Mərakeş turizmi rekord artıma nail olub. Turizm, Əl İşləri, Sosial və Həmrəylik İqtisadiyyatı Nazirliyinin məlumatına görə, ölkə 2025-ci ilin əvvəlindən avqustun sonunadək 13,5 milyon qonaq qəbul edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur. Təkcə cari ilin iyul-avqust aylarında Mərakeşə 4,6 milyon turist gəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6% artım deməkdir.