Tarixdəki olaylar

 

29 sentyabr 1938 – Münxen şəhərində Almaniya, Britaniya, Fransa və İtaliya rəhbərləri Çexoslovakiyanın almanlar yaşayan Sudet bölgəsi ilə bağlı saziş imzalayıblar. Britaniya və Fransanın baş nazirləri Nevill Çemberlen və Eduard Daladye, İtaliyanın faşist lideri Benito Mussolini Sudet bölgəsinin Almaniyaya birləşdirilməsi barədə Adolf Hitlerin təklifinə razılıq veriblər.

 

29 sentyabr 1994 – Azərbaycan Prezident Heydər Əliyev ilk dəfə BMT Baş Assambleyasında çıxış edib. Baş Assambleyanın 49-cu sessiyasının ümumi siyasi müzakirələrində çıxış edən prezident Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi barədə dünya birliyinə müfəssəl məlumat verərək BMT-ni bu işğalçılığı dayandırmağa çağırıb.

Həmin gün Bakıda Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi polkovnik Şəmsi Rəhimov qətlə yetiriliblər. Hadisə ilə bağlı Nyu-Yorkda bəyanat verən Prezident Heydər Əliyev terror aktının Azərbaycanın dövlətçiliyi əleyhinə yönəldiyini, lakin dövlətin bu təhdidlərdən sarsılmayacağını bildirib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

29 sentyabr 1547 – İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra; 1547 – 23.4.1616) anadan olub. “Don Kixot” romanı ilə şöhrət qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).

 

29 sentyabr 1810 – İngilis yazıçısı Elizabet Qaksell (Elizabeth Cleghorn Gaskell; 1810 – 12.11.1865) anadan olub.

 

29 sentyabr 1904 – Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski (1904 – 22.12.1936) anadan olub. Əsərləri: “Polad necə bərkidi?”, “Fırtınadan doğulmuşlar”.

 

29 sentyabr 1912 – İtalyan kinorejissoru Mikelancelo (Michelangelo) Antonioni (1912 – 30.7.2007) anadan olub. Avropanın əsas kinofestivallarının qalibi, fəxri “Oskar” mükafatçısıdır.

 

29 sentyabr 1953 – Əməkdar rəssam Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif; 1953 – 26.3.2020) Bakının Mərdəkan qəsəbəsində anadan olub. Karikaturaçı və teatr rəssamı kimi tanınıb, Dövlət Yuğ Teatrında çalışıb.

 

29 sentyabr 1962 – Əməkdar artist, televiziya diktoru Bəxtiyar Nadir oğlu Şərifzadə (1962 – 24.6.2016) Qax rayonunda anadan olub.

 

29 sentyabr 2003 – Ədəbiyyatşünas alim, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 25.12.1934 – 2003) vəfat edib.

Hazırladı: Vüqar Orxan