Tarixdəki olaylar
23 sentyabr 1932 – Səudiyyə Ərəbistanı Krallığı yaranıb. Ərəbistan yarımadasında geniş sahəni (2,15 milyon kv km) əhatə edən Səudiyyə tayfalarının birləşmə prosesi XIX əsrin əvvəlində başlamışdı. 1927-ci ildə İbn Səudun rəhbərliyi ilə Hicaz, Hecd və s. bölgələr birləşdirildi, beş il sonra Səudiyyə Ərəbistanı krallıq elan edildi.
23 sentyabr 1989 – Azərbaycan SSR Ali Soveti “Azərbaycan SSR-in dövlət suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edib. Sənəddə qeyd olunurdu ki, ittifaq (SSRİ) səviyyəsində qəbul olunmuş qanunvericilik aktı Azərbaycanın suverenliyinə xələl gətirərsə, onun respublika ərazisində qüvvəsi dayandırılır.
23 sentyabr 1991 – Jeleznovodsk şəhərində (RF, Starvropol diyarı) Rusiya və Qazaxıstan prezidentləri Boris Yelsin və Nursultan Nazarbayevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri Ayaz Mütəllibov və Levon Ter-Petrosyan arasında görüş keçirilib. Görüşdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri də iştirak ediblər. Münaqişənin sülh yolu ilə həll olunması barədə formal bəyanat imzalanıb. Lakin bundan az sonra erməni silahlı qüvvələri Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni hücumlara başladılar.
23 sentyabr 1992 – Azərbaycan Respublikası Vyetnam və Albaniya ilə diplomatik münasibətlər qurub.
23 sentyabr 2002 – Prezident Heydər Əliyevin Moskvaya səfəri gedişində Rusiya ilə Azərbaycan arasında Xəzərin dibinin bölünməsinə dair saziş imzalanıb. Prezidentlər Vladimir Putin və Heydər Əliyev tərəfindən imzalanan saziş Xəzərin sektoral bölgüsü istiqamətində mühüm hadisə idi. Daha öncə Rusiya ilə Qazaxıstan arasında analoji sənəd imzalanmışdı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
23 sentyabr 1928 – Opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (1928 – 16.12.2011) Bakıda doğulub. Akademik Opera və Balet Teatrının solisti (1951-1988) olub. Əsas partiyaları: Nigar (“Koroğlu” – Ü.Hacıbəyli), Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl” – M.Maqomayev), Sevil (“Sevil” – F.Əmirov) və s.
23 sentyabr 1928 – Arxeoloq, tarix elmləri doktoru Rauf Maqomedoviç Munçayev (1928 – 4.7.2021) Zaqatalada doğulub. Rusiya EA-nın Arxeologiya İnstitutunun direktoru olub.
23 sentyabr 1929 – Yazıçı-jurnalist, Əməkdar incəsənət xadimi Əfqan (Əfqan Hacıağa oğlu Əsgərov; 1929 – 13.2.2022) Salyan rayonunun Qarabağlı kəndində anadan olub. “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi” romanları, “Dədə Bəhmən” trilogiyası və s. əsərlərin müəllifidir.
23 sentyabr 1929 – Tarixçi, şərqşünas, türkoloq Yusif Bəhlul oğlu Yusifov (1929 – 4.1.1998) Qərbi Azərbaycanın Vedi mahalında doğulub. Azərbaycan Pedaqoji Universitetinin professoru, mixi yazılar üzrə mütəxəssis olub.
23 sentyabr 1957 – Əməkdar artist, qarmon ifaçısı Etibar İsmayıl oğlu Qasımbəyli (1957 – 27.10.2020) Bakıda doğulub.
23 sentyabr 1969 – Şair-publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 – 20.1.1990) anadan olub. 20 Yanvar şəhididir.
23 sentyabr 1970 – Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910 – 1970) vəfat edib. “Toy”, “Nişanlı qız”, “Əliqulu evlənir” və s. pyeslərin, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.
23 sentyabr 2013 – Əməkdar artist Muxtar Şahmar oğlu İbadov (2.2.1955 – 2013) vəfat edib. Şəki Dram, Dövlət Gənclər teatrlarının aktyoru olub, filmlərə çəkilib.
23 sentyabr 2014 – Yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Hənifə qızı Babayeva (12.8.1921 – 2014) vəfat edib. “Haradasan, dost, harada”, “Adamlar və talelər”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir.
23 sentyabr 2015 – Şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan (24.12.1939 – 2015) vəfat edib.
23 sentyabr 2023 – Əməkdar mədəniyyət işçisi, səs operatoru Əsəd Fərrux oğlu Əsədov (1.3.1947 – 2023) vəfat edib.
Hazırladı: Vüqar Orxan