Prezident İlham Əliyev sentyabrın 10-da Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq. Burada kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək. Eyni zamanda, futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.
Qeyd edək ki, kompleksin bu cür müasir səviyyədə inşası ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində yaradılmış şərait mədəniyyət və incəsənət sahəsində çalışanların fəaliyyətinin daha da canlanmasına səbəb olmaqla yanaşı, bu sahənin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bundan başqa, istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir.
***
Xatırladaq ki, Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evində ötən əsrin 90-cı illərində məcburi köçkünlər məskunlaşmışdı. 2019-cu ildə dövlət tərəfindən onların köçürülməsi və mənzil şəraiti ilə təmin edilməsindən sonra burada əsaslı yenidənqurma işləri başlanmışdı.
Prezident İlham Əliyevin "Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 28 iyun 2019-cu il tarixli 1302 nömrəli Sərəncamı ilə Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdı.