“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu Bakıdan 127 km məsafədə, Bak-Qazax magistral yolunun 18 km-də, Hacıqabul rayonunun Qubalıbaloğlan kəndi ərazisində yerləşir.

Xanəgaha dövlət qeydiyyatına alınmış 7 abidə daxildir:

1. Sərdabə – XI əsr (inv. №219)

2. Qala divarları – XIII əsr (inv. №220)

3. Məscid və minarə – XIII əsr (inv. №221)

4. Karvansaray – XIII əsr ( inv. №222)

5. Köməkçi otaqlar – XIV əsr (inv. №223)

6. Türbə – Orta əsrlər (Qubalıbaloğlan, inv. №224)

7. Köhnə qəbiristanlıq – Orta əsrlər (Qubalıbaloğlan, inv. №5817)

Pir Hüseyn xanəgahını dünyada məşhur edən kaşı parçalarıdır. Türbənin üst hissəsi dairəvi, ümumi məscid formasında olmuşdur. Son zamanlar aparılmış arxeoloji qazıntılar zamanı türbənin ön hissəsində qoşa qəbir aşkarlanmışdır. Türbə divarlarının aşağı hissəsi kaşı bəzəyi ilə örtülmüşdür.

V.Sisoyevin araşdırmalarına görə, əvvəllər türbə divarları, hətta giriş qapısının divarı 160 sm hündürlüyündə kaşı bəzəkləri ilə örtülü olmuşdur.1683-1684-cü ilin qışında 77 gün Azərbaycanda olmuş səyyah Engelbert Kempfer Pir Hüseyn xanəgahına səyahət etmiş, xanəgahın rəsmini çəkmiş və bu abidə haqqında xeyli məlumat vermişdir. E.Kempfer əlyazmalarında ətrafda olan hər şeyi təsvir etmiş və bu xanəgahın çox önəmli abidələrdən olduğunu qeyd etmişdir.

Pir Hüseyn xanəgahını tədqiq etmiş şərqşünas, professor V.A.Kraçkovskayanın fikrincə, kaşıların hazırlanma yeri Kaşan şəhəridir (İran) ki, bu da Şirvanın qonşu Şərq ölkələri ilə sıx əlaqələrindən xəbər verir. Türbənin gözəllik simvolu sayılan,1285-ci ildə qurulan kaşı parçaları böyük tarixi qiymətə malikdir. Türbəni neçə yüz illər bəzəmiş bu kaşı parçaları zaman-zaman oğurlanaraq aparılıb və Rusiya Dövlət Ermitajı, Gürcüstan Dövlət Muzeyi, Moskva Şərq Muzeyi, Fransa (Luvr), Britaniya və başqa Avropa muzeylərində saxlanılmaqdadır.

Pir Hüseyn xanəgahını məşhur edən kaşı parçaları tarixi dəyərinə görə yalnız Məşhəddəki (İran) İmam Rza məqbərəsindəki kaşılarla müqayisə oluna bilər. Vaxtilə bu xanəgah bu kaşı parçaları ilə örtülü olmuşdur. Xanəgahın kaşıları əsasən dördkünc, səkkizbucaqlı ulduz və xaçvari hissələrdən ibarətdir.

Kaşı bəzəklərinin bəzilərinin üzərində “Çin buludları”, ”Leylək” və başqa təsvirlər vardır. Bu təsvirlər Çində “Tan” dövrünün naxışlarını xatırladır. Digər kaşıların üzərində isə ağ, yaşıl, firuzəyi, mavi rənglərdə boyanmış bu kaşıların üzərində naxışlar, yarpaq, gül, çiçək, qıvrım budaqlardan təşkil edilmiş yazılarda isə şeir və Qurandan götürülmüş bəzi kəlamlar yazılmışdır. Şərqşünaslar kaşılarda rast gəlinən şeirlərin Xəqani Şirvaniyə və Cəlaləddin Rumiyə aid olduğunu qeyd edirlər. Bundan əlavə, kaşıların üzərində hicri 684 (miladi.1285) tarixi də vardır ki, bu tarix kaşıların qurulduğu ili bildirir.

Xanəgah kaşılarının Avropa muzeylərinə satılması XIX əsrin ikinci yarısından başlamışdır. 1907-ci ildə Tiflisdə Qafqazşünaslıq İnstitutunun elmi katibi Ter-Avetyan xanəgahda araşdırmalara başlamış, burada olan kaşı bəzəklərin kitabələrini oxumuşdur. Kraçkovskayanın yazdığına görə, Ter-Avetyanın xanəgahda işə başlamasından sonra buradakı kaşılar yoxa çıxmışdır.

1913-cü ildə Parisdə yaşayan erməni dəllal Kələkyan madam Düffanti ilə birlikdə xanəgaha gələrək divarın qalan kaşı bəzəklərini qopardıb aparmış və Parisdə hərracda satmışdır. Həmin ildə abidəni bəzəyən kaşı parçalarının sayı sürətlə azalmağa başlamışdır.

Pir Hüseyn xanəgahına ən böyük dağıdıcı zərbəni erməni quldur dəstəsi vurmuşdur. 1918-ci ildə S.Lalayanın başçılıq etdiyi erməni quldur dəstələri ətraf kəndlərdə soyqırımı həyata keçirtdikdən sonra, xanəgaha gələrək tikililərin çoxunu darmadağın etmişlər. Rus alimi V.Sisoyev 1925-ci ildə nəşr etdirdiyi məqaləsində bu barədə bəhs etmiş və bildirmişdir ki, xanəgahdakı kaşı parçalarının çox hissəsi 1918-ci ildə sındırılmış və bura xarabalığa çevrilmşdir.

Xanəgahı bəzəmiş kaşı parçalarının daşınma prosesi Sovet dövründə başa çatdırılmışdır. 1925-ci ildə tavanın 11 m kaşı bəzəkləri qopardılaraq Ermitaja aparılmışdır. Xanəgahdan aparılmış kaşılardan hazırda Ermitaj Muzeyində (Sankt-Peterburq) 123 çılçıraqlı ulduz, 325 firuzəyi xaç və başqa kaşı parçaları saxlanmaqdadır.

Ermitajda saxlanilan kaşıların üzərində yazılmışdır: “Bu müsəlman müqəddəsin dəfn olunduğu yer, düz yolla gedən, imam, ruhani işləri ilə məşğul olanların nümunəvisi Hüseyn bin Əlidir. Məlumatda bildirilir ki, Qəzvindən olan Ömər ibn Məhəmməd miladi tarixlə 1285/86-ci illərdə şeyxin qəbri üstündə bərpa işləri aparmışdır.

1936-cı ilin oktyabr ayında təşkil edilmiş ekspedisiya zaman bütün kaşı bəzəklərinin yeri boş idi. O vaxt 3 ədəd kaşı parçası – 2-si türbədən, 1-i isə məsciddən tapılmışdı. Həmim kaşı parçaları mehrabla birlikdə 1940-cı ildə Bakıya, Nizami adına Ədəbiyyat Muzeyinə aparılaraq orada divara quraşdırılmışdır.

Hazırda Pir Hüseyn xanəgahında 15  kaşı parçası qalmaqdadır.

Bu abidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 22 yanvar 2004-cü il tarixli 19 №-li əmri ilə qoruq elan olunmuşdur. 2004-2007-ci illərdə aparılmış təmir-bərpadan sonra, 2007-ci il oktyabrın ayının 1-də dövlət rəsmilərinin və Azərbaycanda olan bir sıra səfirliklərin nümayəndələrinin iştirakı ilə təntənəli açılış mərasimi keçirilmişdir.

Qoruq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyətini davam etdirməkdədir.

“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun yeni Əsasnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 23 aprel tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmişdir.  

Naibə Məmmədova 

“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun ekskursiyaçısı