
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, ictimai xadim Yusif Səmədoğlunun (1935–1998) 90 illiyi dövlət səviyyəsində qeyd olunacaq.
Prezident İlham Əliyev sentyabrın 4-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda vurğulanır ki, XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan olan Yusif Səmədoğlu məşhur “Qətl günü” romanı ilə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazanıb. O, həmçinin rəhbərlik etdiyi ədəbi nəşrlərdə milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə edib, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanıb, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilib.
Sərəncam əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.