Sentyabrın 3-də Bakıda, Şirvanşahlar Sarayı Kompleksində 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub.

Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Kino Agentliyi, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FILM” MMC tərəfindən təşkil olunub.

Açılış mərasimində Çexiya, Slovakiya, Sloveniya və Fransa animatorlarının birgə işi olan “Sehrli bağdan nağıllar” (Tales from the magic garden) filmi göstərilib. Animasiya filmi ilk dəfə bu ilin fevralında 75-ci Berlin Beynəlxalq Film Festivalında təqdim olunub.

“ANİMAFİLM” festivalının direktoru, rejissor, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev deyib: “Festivalın açılışına bu qədər insanın gəldiyinə görə çox minnətdaram və özümü xoşbəxt hiss edirəm. Bu il bizə dəstək olan hər kəsə təşəkkür edirəm!”.

Qeyd edək ki, builki festival üçün “Pişiklər” mövzusu seçilib. Festivala 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə ümumilikdə 62 ölkədən 317 film qeydiyyatdan keçib.

8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı çərçivəsində ustad dərsləri, xarici və azərbaycanlı mütəxəssislərlə görüşlər də nəzərdə tutulub.

Festival sentyabrın 7-dək davam edəcək.