Böyük dramaturqumuz M.F.Axundzadənin 1873-cü ildə Bakıda səhnəyə qoyulmuş “Lənkəran xanının vəziri” və "Hacı Qara" tamaşaları ilə Azərbaycanda peşəkar milli teatr yaranandan sonra Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəkidə, Qarabağda və digər bölgələrimizdə maarif və mədəniyyət ocaqları, o cümlədən teatr sənəti yaranmağa və inkişaf etməyə başlamışdı.
1902-ci ildə yerli ziyalıların və görkəmli ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə Ağdamda ilk dram dərnəyi yaradılmışdı. İki il gərgin işdən sonra 1904-cü ildə M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyesləri tamaşaya qoyulmuş və teatr öz pərdələrini tamaşaçıların üzünə açmışdır.
Uzun müddət ictimai əsaslarla fəaliyyət göstərən teatr 1923-cü ildə "dövlət teatrı” statusu almışdır. 1937-ci ildən teatra Ə.Haqverdiyevin adı verilmişdir. Teatrın yaradıcı kollektivində Narınc Məlikova, Qaflan Muradov, Məmməd Əmirov, Heydər Şəmsizadə və digər istedadlı və fədakar gənclər çalışırdılar. 1937-1941-ci illərdə teatrda qoyulmuş C.Cabbarlının "Aydın", S.Vurğunun "Vaqif", G.Mdivaninin "Vətən namusu", Z.Hacıbəyovun "Evliykən subay", Ü.Hacıbəylinin "O olmasın, bu olsun", N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" tamaşaları mükəmməlliyi ilə seçilirdi.
Teatr Azərbaycan müəlliflərinin əsərləri ilə yanaşı, rus, gürcü dramaturgiyasına da müraciət edirdi. Zəngin repertuara baxmayaraq, müharibədən (1941–1945) sonrakı dövrdə bir çox əyalət teatrlarında yaradıcılıq səviyyəsi günün tələblərinə cavab vermirdi. Savadlı, ixtisaslı kadrlar azlıq təşkil edirdi. 1949-cu ildə respublikanın bir sıra bölgələrində teatrlar, o cümlədən Ağdam Dövlət Dram Teatrı bağlanmışdı.Bununla belə, 1968-ci ilə qədər xalq teatrı kimi fəaliyyət göstərən sənət ocağının fəaliyyəti tam dayanmamış, Ü.Hacıbəylinin “Əsli və Kərəm” operası, C.Cabbarlının, Ə.Haqverdiyevin, N.Vəzirovun və digər dramaturqların əsərləri tamaşaya qoyulmuşdu.
1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə Ə.Haqverdiyev adına Ağdam Dram Teatrı artıq dövlət teatrı statusunda fəaliyyətini bərpa etmiş, 1969-cu il martın 26-da və 27-də İ.Əfəndiyevin "Sən həmişə mənimləsən və ya boy çiçəyi", B.Vahabzadənin "Vicdan" pyeslərinin tamaşaları ilə yenidən pərdələrini tamaşaçılara açmışdır.
Sonrakı bir neçə ildə H.Vahidin "Küsülüyəm, barışmaram", S.Vurğunun "Vaqif", M.Əlizadənin "Qığılcım", S.Axundovun "Əməllər yaşadır", C.Cabbarlının "Solğun çiçəklər", Ə.Yusifovun "Odlar içində", Ş.Məmmədovanın "Natəvan" və s., eləcə də J.B.Molyerin "Zorən təbib", V. Eftimiunun "Ölümü görən adam", K.Qoldoninin "Mehmanxana sahibəsi" əsərləri tamaşaya qoyulmuşdur. Bəzi zəiflikləri istisna olmaqla rejissor işinin aydınlığı, aktyor ifasının səlisliyi teatrşünasların diqqətini cəlb etmişdir.
Növbəti illərdə teatrda S.S.Axundovun "Eşq və intiqam", A.Şaiqin "Fitnə", İ.Əfəndiyev və M.Hüseynin "İntizar", M.Lermontovun "İki qardaş", J.B.Molyerin "Skapenin kələkləri" kimi əsərlər səhnələşdirilmişdir.
1970/80-ci illər Ağdam Dövlət Dram Teatrının yaradıcılıq baxımından “qızıl dövr”ü hesab olunur. Çünki həmin dövrdə artıq teatrda istedadlı və təhsilli gənclər rejissor, aktyor, rəssam və digər peşələrdə uğurla fəaliyyət göstərirdilər.
Baş rejissor Əməkdar mədəniyyət işçisi Rafiq Atakişiyev, rejissor Əməkdar artist Heydər Şəmsizadə, Əməkdar artistlər Narınc Məlikova, Qurban Mirzəyev, Firəngiz Abbasova həmin illər Ağdamda teatr sənətinin inkişafında böyük fədakarlıqlar göstərmişlər. Tofiq Qarayev (sonralar Əməkdar artist), Fatma Mahmudova (Xalq artisti), Cəmilə Məmmədzadə (Əməkdar artist), Aidə Qasımova (Əməkdar artist), Fəqumə Yusifova (Əməkdar artist) kimi istedadlı gənclər həmin dövrdə teatra qəbul edilmişdilər.
Ağdamda teatr işinin təşkili və inkişafında görkəmli teatr xadimi, Əməkdar mədəniyyət işçisi Məmməd Əmirovun adını xüsusilə qeyd etmək lazımdır. Uzun illər teatrın direktoru olmuş Məmməd müəllim eyni zamanda istedadlı aktyor kimi də teatrda bir çox yaddaqalan obrazlar yaratmışdır. Xüsusilə S.Vurğunun “Vaqif” dramındakı Qacar rolu bu gün də yaddaşlardadır.
80-ci illərdə Ağdam Dövlət Dram Teatrında Azərbaycan və dünya dramaturgiyasının bir çox nümunələri tamaşaya qoyulmuşdur. Həmin dövrdə Xalq artisti Vaqif Şərifov, Ədalət Ziyadxanov, Ağalar İdrisoğlu teatrda baş rejissor kimi fəaliyyət göstərmişlər.
1993-cü ildə Ağdam şəhərinin Ermənistan ordusu tərəfindən işğalından sonra teatrın fəaliyyətinin ən çətin dövrü başlandı. Teatr bir müddət Bərdə şəhərində normal fəaliyyət üçün heç bir şəraiti olmayan məkanda məskunlaşdı. İşğala qədər zəngin kadr potensialı olan bu sənət ocağının bir çox istedadlı sənətçiləri ölkənin müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayaraq teatrı tərk etmək məcburiyyətində qalmışlar.
Onu da qeyd edim ki, Ağdam teatrı Qarabağ müharibəsi dövründə də öz fəaliyyətini dayandırmamış, cəbhədə əsgər və zabitlərimiz qarşısında çıxış etmişdir. Teatrın bir neçə teatr əməkdaşı Milli Ordu sıralarına qatılaraq ön cəbhədə düşmənə qarşı döyüşlərdə iştirak etmişlər. Gənc aktyor Vüqar Əsgərov Nərgiztəpə (Xocavənd rayonu) uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, müharibədə əsgər kimi döyüşüb həlak olan ilk Azərbaycan aktyorudur. Döyüşən briqadanın sosial-siyasi işlər şöbəsində xidmət edən teatrın baş rejissoru Elxan Mikayılov döyüşlərdə ağır yaralanaraq 1-ci qrup əlil olmuş və bir müddət sonra vəfat etmişdir.
Bu sətirlərin müəllifi də Birinci Qarabağ müharibəsi zamanı Milli Orduda hərbi xidmətdə olmuş, 1996-cı ildə ehtiyata buraxılmışdır.
Ağdam Dövlət Dram Teatrı 2004-cü ildən Ağdam rayonu Quzanlı qəsəbəsində məskunlaşmışdır. 2011-ci ildə Quzanlı Mədəniyyət evi əsaslı təmir olunaraq teatrın istifadəsinə verilmişdir. Bu sənət ocağının yenidən uğurlu fəaliyyət göstərməsində teatrda baş rejissor kimi fəaliyyət göstərmiş respublikanın Əməkdar artisti Sərvər Əliyev, Əməkdar artist Novruz Cəfərov, Kərim Həsənov, aktyorlar Elşən Cavadov, Afaq Əliyeva, Xəyalə Xudadatova, Afəridə Əhmədova, Nuranə Əliyeva, Elmir Hümbətov, Qalib Abdullazadə və digər sənətçilərimizin fədakarlıqları qeyd edilməlidir.
Teatr müxtəlif festivallara qatılaraq fəxri fərman və diplomlarla təltif edilmişdir. İki il əvvəl baş rejissor Kərim Həsənovun rəhbərliyi ilə teatrın yaradıcı heyəti qardaş Türkiyədə, Ankara Beynəlxalq Teatr Festivalında uğurla iştirak etmiş və diplomla qayıtmışdır.
Cari yaradıcılıq fəaliyyətinə gəlincə, ötən mövsümdə (2025-ci ilin birinci yarısında) 3 yeni tamaşa hazırlayıb sənətsevərlərə təqdim etmişik. Xalq yazıçısı İ.Əfəndiyevin “Apardı sellər Saranı” əsərinin tamaşasını gənc rejissorumuz Racu Gözəlov, N.Tahirin “Gecəyarısı dönüş”, Ə.Əmirlinin “Kişi və qadın” tamaşalarını teatrın baş rejissoru, Prezident mükafatçısı Kərim Həsənov hazırlamışdır.
Onu da qeyd edim ki, ötən mövsümə Ə.Əmirlinin “Kişi və qadın” tamaşası ilə yekun vurduq. Bundan əlavə, 2025-ci il yanvarın 7-də Bakı şəhərində Akademik Milli Dram Teatrının səhnəsində “Bölgə teatrlarının premyerası” layihəsi çərçivəsində Sahib İbrahimlinin “Cənnət və cəhənnəm” komediyasını (quruluşçu rejissor K.Həsənov) təqdim etdik. Kollektivimiz “Fədakar teatr” diplomu ilə təltif edildi. Aprel və may aylarında isə yaradıcı heyət Lənkəran, Beyləqan, Ağcabədi, Bərdə şəhərlərində yerli tamaşaçıların qarşısında müxtəlif tamaşalarla çıxış etdi.
Repertuarımızda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyət kəsb edən əsərlərə xüsusi yer ayırırıq. Ş.Şahinin “Mübariz”, N.Qədimlinin “Şuşadan gələn səs”, S.İbrahimlinin “Azad Şuşa”, N.Tahirin “Gecəyarısı dönüş” tamaşaları Qarabağ müharibəsindən bəhs edən və xalqımızın igid oğullarının qəhrəmanlığını vəsf edən səhnə əsərlərimizdəndir.
Kollektiv yeni mövsümə də yeni yaradıcılıq planları ilə başlayacaq. İlin sonuna qədər Ə.Haqverdiyevin “Dağılan tifaq” əsərinin, bir uşaq tamaşasının hazırlanmasını planlaşdırırıq. Uşaq tamaşasını rejissor Elmir Hümbətov hazırlayacaq.
Hazırda Ağdamımızda böyük tikinti-quruculuq işləri gedir. Ümidvarıq ki, yenidən qurulan şəhərimizdə müasir tələblərə cavab verən teatr binası da tikiləcək və kollektivimiz bu məkanda sevimli tamaşaçılarını yeni-yeni tamaşalarla sevindirəcək.
Məhəmməd Hüseynov
Ağdam Dövlət Dram Teatrının direktoru