Xəbər verdiyimiz kimi, sentyabrın 23-dən 25-dək Bakı və Şamaxıda III Nəsimi Festivalı (Şeir. İncəsənət. Mənəviyyat) keçiriləcək. Festival sıra özəlliklərlə də yadda qalacaq.
Orta əsrlər Şərqinin ən böyük şairlərindən olan İmadəddin Nəsiminin (1369–1417) zəngin fəlsəfi və ədəbi irsinin elmi müzakirələr, müxtəlif mədəni-bədii layihələr vasitəsilə qeyd olunacağı festival həm də tamaşa və balet premyeraları ilə də tamaşaçıları sevindirəcək.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq tədbir çərçivəsində keçiriləcək premyeralardan biri “Nəsimi dastanı” baletidir.
Dahi bəstəkar Fikrət Əmirovun əsəri yeni quruluşda təqdim ediləcək. Tanınmış balet artisti, teatr rejissoru və prodüser Andris Liepanın səhnələşdirdiyi “Nəsimi dastanı” Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında nümayiş olunacaq. Baletin quruluşçu xoreoqrafı müxtəlif ölkələrdə fərqli truppalarla çalışmış Patrik De Banadır.
Hazırda yeni təqdimat üzrə məşqlər gedir.
“Nəsimi dastanı” baletinin nümayişi Şamaxıdakı "Nəsimi bağları" kompleksində böyük şairin abidəsinin önündə təşkil ediləcək.
Xatırladaq ki, Fikrət Əmirovun “Nəsimi dastanı” baletinin (libretto müəllifi yazıçı Anar) ilk dəfə 1973-cü il sentyabrın 23-də nümayiş olunub. Əsər tamaşaçıların böyük rəğbətini qazanıb və 1974-cü ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.