İyulun 2-də AMEA-nın Rəyasət Heyətinin binasında Özbəkistan Respublikasının Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının nümayəndələri ilə görüş keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, akademiyanın Rəyasət Heyəti aparatının və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, Özbəkistan tərəfindən isə Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının prezidenti akademik Abdulla Menqkobilov, akademiklər Abduraxim Eşon və Hodi Boqilov iştirak ediblər.

Əvvəlcə qonaqlar akademik İsa Həbibbəyliyə Özbəkistan Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyasının üzvlük vəsiqəsi və medalını təqdim ediliblər.

Görüşdə çıxış edən AMEA-nın prezidenti Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq münasibətlərinin tarixi köklərimizə dayandığını, müasir dövrdə isə bu əlaqələrin genişlənməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu bildirib. Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləyib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasındakı dostluq, qardaşlıq münasibətləri elm sahəsində də əməkdaşlığın inkişafına təkan verir.

Akademik Abdulla Menqkobilov ilk dəfə Bakıya səfər etdiyini və ölkəmizin inkişafından məmnun qaldığını söyləyib. Özbəkistan-Azərbaycan əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən A.Menqkobilov Azərbaycanın Qarabağ Zəfərini yüksək fəxarət hissi ilə qarşıladıqlarını vurğulayıb və 2020-ci ildə yazdığı “Qarabağ” şeirini səsləndirib.

Abdulla Menqkobilov ölkələrimizin beynəlxalq arenada bütün sahələrdə bir-birlərinə dəstək verdiyini, elmdə, mədəniyyətdə əlaqələrin genişlənməsində bu sahədə alim və mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

O, rəhbərlik etdiyi akademiya tərəfindən görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin şeirlərinin özbək dilinə tərcümə olunaraq çap edildiyini və əlaqələrimizin genişlənməsi istiqamətində bu kimi tədbirlərin davam etdiriləcəyini söyləyib, yeni nəşri akademik İsa Həbibbəyliyə təqdim edib.

Daha sonra çıxış edənlər ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərindən, elmi əlaqələrimizin inkişafından danışıblar.

Çıxışlardan sonra AMEA ilə Özbəkistanın Ədəbiyyat, İncəsənət, Mədəniyyət və Sosial Elmlər üzrə Beynəlxalq Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi İsa Həbibbəyli və Abdulla Menqkobilov imzalayıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.