Qazax-Tovuz RMİ Şəmkir rayon MKS və Əhməd Cavad adına rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məzahir Hüseynzadənin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şairin həyat və yaradıcılığından söz açılıb.
Qeyd edilib ki, Məzahir Hüseynzadə 1948-ci il fevralın 18-də Şəmkir şəhərində anadan olub. Gəncə Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsil alıb. Əhməd Cavad adına 4 nömrəli Şəmkir şəhər orta məktəbinin direktoru, Maarif şöbəsinin inspektoru, İcra Hakimiyyəti başçısının müavini və digər vəzifələrdə çalışıb. 2017-ci ildə təqaüdə çıxıb.
20-yə yaxın şeir kitabının müəllifidir. Şeirləri respublika mətbuatında və Gürcüstanda, Ukraynada, Türkiyədə dərgilərdə dərc olunub.
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair İlham İnam və şair Aləmzər Pənahqızı həmkarlarını təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Şairin övladları – Bakı Dövlət Universitetinin müəllimi Sərxan Hüseynli, Azərbaycanın İndoneziyadakı diasporunun koordinatoru Əli Hüseynli, “Amazon” (ABŞ) şirkətinin əməkdaşı Xəzər Hüseynli çıxış ediblər.
Məzahir Hüseynzadəyə Şəmkir Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.
Bədii hissədə kitabxananın oxucuları şairin şeirlərini söyləyiblər. Əhməd Cavad adına rayon Mədəniyyət Mərkəzinin musiqi heyəti tərəfindən Məzahir Hüseynzadənin və onun qələm yoldaşlarının sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.
Nurəddin