Azərbaycan professional musiqili teatrının banisi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Kukla Teatrında dahi bəstəkarın dünyaca məşhur "Arşın mal alan" operettası əsasında hazırlanmış marionet tamaşasının premyerası keçirilib.
Tədbirdən öncə qonaqlar teatrın foyesində kuklalardan və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Teatrın bədii rəhbəri və direktoru Səyyad Məmmədov giriş sözündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən çoxsaylı tədbir və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Naxçıvan Dövlət Kukla Teatrı da yubileylə əlaqədar teatr sənətimizin incilərindən olan bu əsəri marionet kuklalarının dili ilə yenidən səhnəyə gətirib.
Sonra "Arşın mal alan" marionet tamaşası nümayiş olunub.
Klassik musiqi, canlı ifa və maraqlı səhnə plastikasının vəhdətində təqdim olunan səhnə işi tamaşaçılara xoş ovqat bəxş edib. Hər bir obraz kukla sənətinin estetik imkanlarını, rejissor və sənətçilərin peşəkarlığını əks etdirməklə, izləyicilər tərəfindən böyük maraq və alqışla qarşılanıb. Tamaşanın yüksək səviyyədə hazırlanması, musiqi və mizan-səhnə baxımından zənginliyi klassik irsimizə müasir bədii dəyərin nümunəsidir.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, musiqi tərtibatçısı Əli Məmmədov, quruluşçu rəssamı Ədalət Quliyevdir.
Həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulan səhnə işi Azərbaycan musiqi irsinin kukla sənəti vasitəsilə təqdimatında uğurlu bir yenilik, Üzeyir irsinin yeni nəsillərə sevdirilməsi və təbliği baxımından əlamətdar hadisə kimi qiymətləndirilə bilər.
Tamaşanın Naxçıvan Muxtar Respublikasının bölgələrində də nümayişi planlaşdırılır.