Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin dəstəyi ilə iyunun 30-da Şəki şəhərində teatrsevərlərlə görüş olub.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ATXİ-nin rəhbərliyi və üzvləri, Şəki Dövlət Dram Teatrının yaradıcı heyəti, bölgənin mədəniyyət işçiləri, sənətsevərlər iştirak ediblər.
Şəki-Zaqatala RMİ-dən verilən məlumata görə ki, tədbirdə ATXİ idarə heyətinin sədri Xalq artisti Hacı İsmayılov, sədr müavini Xalq artisti İlham Namiq Kamal və başqa çıxış edənlər regionlarda teatr sənətinin inkişafı, yaradıcı mübadilə və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı məsələlərdən söz açıblar. Qonaqlar Şəkinin zəngin mədəni irsini, teatr ənənələrini yüksək qiymətləndirərək, bu irsin qorunub saxlanmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində teatr sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup teatr xadiminə ATXİ-nin “Teatr fədaisi” medalı təqdim olunub.