Tarixdəki olaylar

 

28 iyun 1914 – Sarayevoda (Bosniyanın paytaxtı) Avstriya taxt-tacının vəliəhdi Frans Ferdinand serb millətçiləri tərəfindən qətlə yetirilib. Terror aktı “Mlado Bosna” qrupu tərəfindən həyata keçirilmişdi. Bu qətl I Dünya müharibəsinin başlanmasına bəhanə kimi tarixə düşüb. 1914-cü il avqustun 1-də Avstriya-Macarıstan Serbiya üzərinə hücum etdi, Rusiya Serbiyanın müdafiəsinə qalxdı, bunun ardınca Almaniya Avstriya-Macarıstanın tərəfində müharibəyə qoşuldu.

 

28 iyun 1919 – I Dünya müharibəsinə (1914–1918) rəsmən son qoyan Versal (Fransa) sülhü imzalanıb. Bu, əslində, Almaniyanın kapitulyasiyasına dair saziş idi.  Almaniya Elzas-Lotaringiyanı Fransaya (almanlar onu 1870-ci ildə ələ keçirmişdi), Eypen bölgəsini Belçikaya, Poznanı və Qərbi Prussiyanın bir hissəsini Polşaya qaytarıb, Dansiq (Qdansk) və Memel (Klaypeda) şəhərlərinə müstəqil idarəçilik verməli olub (sonradan biri Polşaya, digəri Litvaya birləşdirildi). Şlezviq və Sileziyanın bir hissəsi Danimarka və Çexoslovakiyaya keçib. Almaniya 1914-cü ilədək olan ərazisinin 13 faizini itirib.

 

28 iyun 2000 – Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi barədə tövsiyə qərarı qəbul olunub. Ondan 4 il öncə, 28 iyun 1996-cı ildə AŞPA Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etmişdi. Azərbaycan 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv oldu.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

28 iyun 1577 – Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens; 1577 – 30.5.1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.

 

28 iyun 1712 – Fransız yazıçısı və mütəfəkkiri, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712 – 2.7.1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanları, fəlsəfi əsərlərin müəllifidir.

 

28 iyun 1842 – Maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842 – 28.11.1907) anadan olub. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi olub.

 

28 iyun 1867 – İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1934) Luici Pirandello (Luigi Pirandello; 1867–1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” (romanlar), “Liola” , “Hər kəs özünə görə”, “IV Henrix” (pyeslər).

 

28 iyun 1914 – Xalq artisti Barat Həbib qızı Şəkinskaya (1914 – 13.1.1999) Şuşada doğulub. 1935-ci ildən Akademik Milli Dram Teatrının aktrisası olub, bir müddət Gəncə teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

 

28 iyun 1925 – Xalq artisti Gülağa Allahverdi oğlu Məmmədov (1925 – 7.6.1994) anadan olub. 40 ildən çox Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. “Dəli Kür”, “Sən niyə susursan?” və s. filmlərdə mahnıları ifa edib.

 

28 iyun 1935 – Xalq artisti, professor Ağakişi Şəmməd oğlu Kazımov (1935 – 8.10.2021) Ağcabədi rayonunda doğulub. Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” filmində (Hacı Zeynalabdin Tağıyev) çəkilib.

 

28 iyun 1971 – Məşhur opera müğənnisi Eldar Tofiq oğlu Əliyev (1971 – 4.8.2020) Bakıda anadan olub. Bakı Musiqi Akademiyasında və İtaliyada vokal təhsili alıb. 1994-cü ildən 2005-ci ilədək Milanda “La Skala” teatrının  solisti olub, Avropanın bir çox teatrlarının səhnəsində çıxış edib.

 

28 iyun 2022 – Tanınmış türk kinoaktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur; 8.9.1937 – 2022) vəfat edib.

Hazırladı: Vüqar Orxan