Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin (Bakı şəhəri) birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sabirabadda 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
Sabirabad Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Mərkəzi İncəsənət Məktəbi (MİM) şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq olub.
Tədbirin rəsmi hissəsində rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev və Qara Qarayev adına MİM-in direktoru Könül Hüseynova çıxış ediblər.
Çıxışlarda Azərbaycanın müstəqillik yolu tarixindən söz açılıb, mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb.
Müstəqillik tariximizi və milli-mənəvi dəyərlərimizi təbliği məqsədilə təşkil olunan tədbirin bədii hissəsində məktəbin şagird və müəllimlərinin ifasında rəngarəng musiqi və rəqs nömrələrindən ibarət konsert proqramı təqdim edilib.
Konsertin yüksək səviyyədə təşkilinə, eləcə də mədəni əlaqələrə verdiyi töhfəyə görə Qara Qarayev adına MİM-in kollektivi Mil-Muğan RMİ tərəfindən təşəkkürnamə ilə təltif olunub.