Mayın 22-də Ə.Bədəlbəyli adına 23 nömrəli onbirillik Musiqi Məktəbində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, mayın 23-də isə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin xalq çalğı alətləri (tar, kamança, qarmon, nağara, qanun, saz, balaban) və xanəndəlik ixtisasları üzrə təhsilverənləri üçün növbəti maarifləndirici görüşlər keçirilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan görüşlər adıçəkilən ixtisaslar üzrə attestasiya proqramının daha ətraflı izah edilməsi, bu sahədə maraq doğuran sualların cavablandırılması məqsədi daşıyır.
Görüşlərdə 600-ə yaxın müəllim iştirak edib və peşəkar mütəxəssislər tərəfindən qeyd olunan ixtisaslar üzrə musiqi əsərlərinin təhlili, ifası, qammalar, həmçinin musiqi nəzəriyyəsi və təcrübi biliklər, musiqi ədəbiyyatı, üzdən oxu və dinləmə materiallarına dair diqqət yetirilməli məqamlar müzakirə edilib. Auditoriyanı maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Bu cür maarifləndirici görüşlərin digər regionlarda da təşkili nəzərdə tutulur.