Tarixdəki olaylar
24 may 1910 – Üzeyir Hacıbəylinin ilk musiqili komediyası – "Ər və arvad" əsəri səhnələşdirilib. Azərbaycanda ilk milli operettanın tamaşası Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilib.
24 may 1920 – Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verib. Əslində, neft bolşevik Rusiyasının nəzarətinə verilmişdi. Bu məqsədlə Azərbaycan Neft Komitəsi yaradılmış və komitəyə rəhbərlik V.Lenin tərəfindən Bakıya göndərilən A.Serebrovskiyə tapşırılmışdı. Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar milliləşdirildi.
24 may 1994 – Bakıda I Beynəlxalq "Xəzərneftqaz" sərgi-konfransı açılıb. Bu, Azərbaycan müstəqillik qazanandan sonra ölkəmizdə keçirilən ilk belə mötəbər forum idi. Sərgidə 30-a yaxın ölkə təmsil olunurdu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
24 may 1874 – Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874–1918) Şamaxıda anadan olub. Rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edərək “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında (1912) çap etdirib.
24 may 1879 – Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879–1941) anadan olub. “Nicat” xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.
24 may 1893 – İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 – 27.10.1938) Tiflisdə doğulub. Fortepianoda muğamların ifaçısı kimi məşhurlaşıb, pedaqoji fəaliyyət göstərib. Repressiya qurbanıdır.
24 may 1893 – Ədəbiyyatşünas Mustafa Zəkəriyyə oğlu Quliyev (1893-1938) Şəkidə anadan olub. Xalq maarifi komissarı (1922–1928), “Maarif və mədəniyyət”, “İnqilab və mədəniyyət” jurnallarının məsul redaktoru işləyib. Repressiya qurbanıdır.
24 may 1898 – Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri, publisist, dramaturq, tərcüməçi Mirzə Bala Məmmədzadə (1898 – 8.3.1959) Bakının Zirə kəndində doğulub. 1924-cü ildə Türkiyəyə mühacirət edib. Azərbaycan mühacirətinin mətbu orqanlarında yazılar yazıb, İstanbulda vəfat edib.
24 may 1899 – Şairə Ümgülsüm Sadıqzadə (1899–1944) Bakının Novxanı kəndində doğulub. 1937-ci ildə həyat yoldaşı, yazıçı Seyid Hüseyn repressiya edilərək güllələnib, Ü.Sadıqzadə Mordoviyaya həbs düşərgəsinə göndərilib. 1944-cü ilədək həbsdə qalıb.
24 may 1905 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965) Mixail Aleksandroviç Şoloxov (1905 – 21.2.1984) anadan olub. Əsərləri: “Sakit Don”, “Oyanmış torpaq”, “İnsanın taleyi” və s.
24 may 1913 – Aşıq Ağalar (Ağalar Bilal oğlu Mikayılov; 1913–1988) Ağsu rayonunda Qəşəd kəndində doğulub.
24 may 1925 – Ədəbiyyatşünas, türkoloq Cavad Heyət (1925 – 12.8.2014) Təbrizdə doğulub. Azərbaycan dilində “Varlıq” jurnalını nəşr etdirib.
24 may 1930 – Şair, tərcüməçi Əli Səngərli (Məmmədov; 1930 – 23.4.2009) Borçalı bölgəsinin Faxralı kəndində anadan olub.
24 may 1940 – Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987) İosif Aleksandroviç Brodski (1940 – 26.1.1996) anadan olub.
24 may 1948 – Xalq artisti Fuad Ağarəhim oğlu Poladov (1948 – 5.5.2018) Bakıda doğulub. Akademik Milli Dram, Rus Dram teatrlarında, kinoda, televiziya tamaşalarında xarakterik obrazlar qalereyası yaradıb.
24 may 1967 – Ədəbiyyatşünas, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (16.8.1925 – 1967) vəfat edib. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. pyeslərin müəllifidir.
24 may 1984 – Əməkdar artist, xanəndə Haşım Səmədbəy oğlu Kələntərli (1899, Lənkəran – 1984) vəfat edib. Opera və Balet Teatrında çalışıb.
24 may 2023 – Əməkdar mədəniyyət işçisi, tanınmış xalça ustası Zəhra Gülbala qızı Əliyeva (17.9.1950 – 25.5.2023) vəfat edib.
24 may 2024 – Xalq artisti, uzun illər Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru olmuş Tofiq Səməd oğlu Mövləvi (1.7.1938 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan