Tarixdəki olaylar

 

15 may 1920 – Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib.

 

15 may 1992 –Azərbaycanda növbəti hakimiyyət dəyişikliyi baş verib. 6 mart tarixində Ali Sovetdə istefası qəbul olunmuş Ayaz Mütəllibovun mayın 14-də parlamentin qərarı ilə prezident postuna qaytarılmasına etiraz olaraq “Konstitusiyanın müdafiəsinə” qalxdığını elan edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ alıb. A.Mütəllibov Bakını tərk edərək Moskvaya gedib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

15 may 1862 – Avstriya dramaturqu Artur Şnitsler (Arthur Schnitzler; 1862–1931) anadan olub.

 

15 may 1893 – Görkəmli türkoloq, şair, professor Bəkir Vahab oğlu Çobanzadə (1893 – 13.10.1938) Krımda anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Repressiya qurbanıdır.

 

15 may 1891 – Rus yazıçısı Mixail Afanasyeviç Bulqakov (1891 – 10.3.1940) Kiyevdə doğulub. Əsərləri: “Usta və Marqarita”, “Ağ qvardiya”, “İt ürəyi” (nəsr), “Qaçış”, “Turbinlər ailəsinin günləri”, “Zoykanın mənzili” (dram).

 

15 may 1899 – Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 – 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Akademik Dram Teatrında çalışıb, filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.

 

15 may 1903 – Əməkdar artist, teatr aktyoru Mirhəsən Miriş oğlu Mirişli (1903–1973) anadan olub.

 

15 may 1922 – SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 – 19.9.1995) anadan olub. “Romeo mənim qonşumdur”, “Talelər qovuşanda” və s. operettaların müəllifidir. “Bir qalanın sirri”, “Qara daşlar”, “Əhməd haradadır?” və s. filmlərə musiqi yazıb. Azərbaycan SSR-in mədəniyyət naziri (1965–1971) işləyib.

 

15 may 1930 – Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 – 15.7.2003) Gəncədə doğulub. “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə” və s. pyeslərin müəllifidir.

 

15 may 1931 – Teatrşünas, sənətşünaslıq doktoru, professor Mahmud Qara oğlu Allahverdiyev (1931–1998) Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində doğulub.

 

15 may 1946 – Əməkdar mədəniyyət işçisi Xalis Xalid oğlu Məmmədov (1946–2021) Qəbələ rayonunun Bum kəndində doğulub. Qəbələdə Tarix-Diyarşünaslıq Muzeyinin yaradıcısı və qırx ilə yaxın direktoru olub.

Hazırladı: Vüqar Orxan