Mayın 15-də Azərbaycan Turizm Bürosu (ATB) Qazaxıstanın Atırau şəhərində Atırau–Bakı–Atırau birbaşa aviareysinin açılışına həsr edilən tədbirdə təqdimat keçirib.
Dövlət Turizm Agentliyinin yaydığı məlumata görə, ATB nümayəndəsi tərəfindən keçirilən təqdimatda son dövrlərdə Qazaxıstandan artan maraq nəzərə alınaraq ölkəmizin sağlamlıq turizmi, aktiv səyahət, festivallar, konsertlər, eləcə də işgüzar tədbirlər (MICE) və qolf turizmi imkanları diqqətə çatdırılıb. 2025-ci ilin ilk dörd ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayında 18 faiz artımın olduğu bildirilib.
Tədbirdə həmçinin “Air Astana” aviaşirkəti, Azərbaycanın "Azertour” turizm şirkəti və “TABIA Group”un nümayəndələri təqdimat keçiriblər.
Qeyd edək ki, mayın 31-dən başlayacaq Atırau–Bakı–Atırau reysi həftədə 3 dəfə həyata keçiriləcək. Hazırda Qazaxıstanın Astana, Almatı və Aktau şəhərlərindən Bakıya birbaşa uçuşlar var.