
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə IX “Muğam” Televiziya Müsabiqəsi başlanır.
Müsabiqənin açılışı mayın 13-də Beynəlxalq Muğam Mərkəzində olacaq.
Müsabiqədə iki yaş aralığında: 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışacaqlar. Müsabiqədə təxminən 3 ay ərzində Bakıda və bölgələrdə keçirilən dinləmələr əsasında seçilmiş 30 ifaçı iştirak edəcək.
Münsiflər heyətində Xalq artistləri Arif Babayev, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi yer alıblar.
Həftənin 2-ci və 4-cü günləri Azərbaycan Televiziyasının və “Mədəniyyət” TV-nin canlı efirində əvvəl yeniyetmələrin, sonra isə gənclərin yarışması baş tutacaq və hər kateqoriya üzrə qaliblər müəyyən olunacaq.
Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə təqdim edəcək, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edəcəklər.
Avqust ayının sonunda IX “Muğam” Televiziya Müsabiqəsinin final konsertinin keçirilməsi və qaliblərin mükafatlandırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir.