Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları peşəkarlıq səviyyəsinin artırılması, müvafiq sahə üzrə müasir metodların öyrənilməsi məqsədilə 6-8 may tarixlərində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında təcrübədə olublar.

Təcrübə proqramında Naxçıvan MR Mədəniyyət Nazirliyinin Kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli, A.Babayev adına Naxçıvan MR Uşaq Kitabxanasının Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin müdiri Nüşabə Seyidova, M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasının Kitabişləmə və kataloqlaşdırma şöbəsinin baş kitabxançısı Rəqib Quliyev iştirak ediblər.

Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaqlarakitabxananın tarixi, layihələri, müxtəlif şöbələrin fəaliyyəti, eləcə də oxucularla aparılan iş metodları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

Təcrübə iştirakçıları kitabxana-informasiya xidmətlərinin təşkili, kitabların elektron sistemə daxil edilməsi, həmçinin uşaqlara yönəlmiş maarifləndirici layihələrin hazırlanması prosesini müşahidə ediblər, müxtəlif yaş qruplarına uyğun keçirilən tədbirlərdə praktiki biliklərini artırmaq imkanı qazanıblar.

Kitabxanaçılar arasında təcrübə mübadiləsinə şərait yaradan bu cür təşəbbüslər müasir dövrdə kitabxanaların sosial-mədəni mərkəz kimi fəaliyyət göstərməsi üçün zəruri bilik və bacarıqların inkişafına mühüm töhfə verir.