
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dosent Xatirə Yusifovanın “Yazılı abidələrimizin dövrləşdirilməsi” mövzusunda mühazirəsi dinlənilib.
Seminarda Əlyazmalar İnstitutunun doktorant və dissertantları ilə yanaşı, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu və Bakı Avrasiya universitetlərinin tələbələri də iştirak ediblər.
İnstitutdan bildirilib ki, alim mühazirəsində yazılı abidələrimizin dövrləşdirilməsi prosesindən, Azərbaycan yazılı ədəbiyyat nümunələrindən, Orxon-Yenisey abidələrindən, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindən, tarixi-bioqrafik mətnlərdən, bədii və dini mətn nümunələrindən, epitafiya lirikasından və hüquqi sənədlərdən bəhs edib. Videoslayd vasitəsilə abidələrdən nümunələr göstərilib, dinləyicilərin sualları cavablandırılıb.
Seminar AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində reallaşıb. Doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.