Azərbaycan Milli Kitabxanasında SSRİ-nin və müttəfiq ölkələrin İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qələbə çalmasının 80-ci ildönümü münasibətilə elektron toplu və sərgi tərtib edilib.

“Faşizm üzərində Qələbə (1941–1945)” adlı elektron məlumat bazası və “9 May Faşizm üzərində Qələbə günüdür” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Müharibə haqqında sitatlar”, “İkinci Dünya müharibəsi - xülasə”, “Xatirələr, məktublar”, “Nəşrlər” və bir sıra materiallar nümayiş olunur.

Virtual sərgidə isə mövzu ilə bağlı nəşr olunmuş kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar nümayiş etdirilir.