Ölkəmizin turizm imkanları, Azərbaycan Turizm Bürosu (ATB) və “Azərbaycan Hava Yolları” (AZAL) QSC daxil olmaqla, ümumilikdə 10 yerli tərəfdaşla birgə Təl-Əviv şəhərində (İsrail) keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM 2025) sərgisində nümayiş etdirilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, 7-8 may tarixlərində gerçəkləşən sərgidə dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi və digər mövcud turizm məhsulları haqqında ətraflı məlumat təqdim olunub.
Azərbaycan stendində həmçinin Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilib, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilib.
Bundan əlavə, mayın 5-6-da İsrailin Hayfa və Təl-Əviv şəhərlərində silsilə təbliğat tədbirləri təşkil edilib.
B2B formatlı görüşlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB), “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 12 yerli tərəfdaş təmsil edib.
Hayfada 40, Təl-Əvivdə isə 65 yerli turizm nümayəndəsi ilə görüşlər keçirilib, təqdimatlar, media brifinqi, eləcə də şəbəkələşmə tədbiri təşkil olunub.
Təl-Əvivdə keçirilən tədbirdə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və İsrailin turizm nazirinin müşaviri Peleg Levi iştirak edib.