Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən Xalq rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin (1880–1943) anadan olmasının 145 illiyi ilə bağlı videoçarx hazırlanıb.

Kitabxanadan bildirilib ki, materialda Əzim Əzimzadənin incəsənət və pedaqoji sahədə fəaliyyəti, “Molla Nəsrəddin”, “Tuti”, “Baraban”, “Zənbur”, “Kəlniyyət” kimi jurnallarda işləyərək ölkəmizdə satirik qrafika və karikatura janrının əsasını qoyması, “Varlı evində toy”, “Köhnə bakılılar”, “Qurban bayramı”, “Qız övladının dünyaya gəlişi” kimi rəsm əsərlərinin müəllifi olması haqqında məlumat təqdim edilir.

Rəssamın Azərbaycanda kitab qrafikası sənətinin yaranması istiqamətində gördüyü işlər haqqında məlumatlar, teatr tamaşaları üçün çəkdiyi geyim eskizləri və dekorasiyaların görüntülərinin də yer aldığı videoçarxı kitabxananın saytında  izləmək mümkündür.