Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində “Heydər Əliyevin izi ilə” adlı tədbir keçirilib.
Ümummilli liderin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil edilib.
Ev-muzeyinin icraçı direktoru Günay Əliyeva tədbir iştirakçılarını salamlayaraq Heydər Əliyevin dahi musiqiçi, violonçel ifaçısı Mstislav Rostropoviçlə dostluğundan, onların Azərbaycanda mədəniyyətin inkişafına verdiyi töhfələrdən danışıb.
Azərbaycan Televiziyasının arxivindən Mstislav Rostropoviçin Bakıda keçirilən konsertindən sonra Heydər Əliyev ilə onun arasında səmimi söhbəti əks etdirən kadrlar nümayiş etdirilib.
Tədbir Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin istedadlı gənclərinin konsert proqramı ilə davam edib. Ü.Hacıbəyli, F.Sücəddinov, N.Əliverdibəyov, F.Şopen və S.Prokofyevin əsərləri səsləndirilib.
Qonaqlar muzey kolleksiyalarından Heydər Əliyevin və Mstislav Rostropoviçin həyat və fəaliyyətinin parlaq anlarını əks etdirən nadir fotoşəkillərin nümayiş olunduğu “Heydər Əliyevin izi ilə” fotosərgisinə də baxıblar.
Muzeyin icraçı direktoru G.Əliyeva jurnalistlərlə söhbətində tədbirin əhəmiyyətini vurğulayıb. O deyib: “Bu tədbiri maestro Rostropoviçlə qırx ilə yaxın səmimi dostluq münasibəti olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr etdik. Biz böyük musiqiçinin xatirəsinin yad edildiyi bu divarlar arasında təkcə onun yaradıcılıq yolunu deyil, həm də iki böyük şəxsiyyəti birləşdirən səmimi dostluğu əbədiləşdirməyə və qoruyub saxlamağa çalışırıq”.
Qeyd edək ki, tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, paytaxtdakı muzeylərin direktorları və əməkdaşları, musiqisevərlər iştirak ediblər.
Sonda konsert proqramının iştirakçılarına təşəkkürnamələr təqdim olunub.