Azərbaycanın şəhid ailələrinin üzvlərindən ibarət olan 30 nəfərlik heyət Türkiyənin Çanaqqala şəhərinə səfər edib. Səfər "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yolları" QSC-nin tərəfdaşlığı ilə gerçəkləşib.
Dördgünlük səfər proqramına Çanaqqalanın tarixi məkanları və görməli yerlərinin ziyarət edilməsi, müxtəlif görüşlər, tədbirlər daxildir.
Səfərin ilk günündə Çanaqqalanın tarixi məkanlarından “57-ci Alay şəhidliyi”, Çanaqqala Şəhidləri abidəsi, “Troya Atı" muzeyi, Dəniz Muzeyi və Seyit Onbaşı abidəsi ziyarət olunub.
Şəhidlərin ailə üzvləri həmin tarixi məkanlarda həlak olanların ruhuna dualar oxuyub, Çanaqqalada yerləşən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Səfərin ikinci günü Çanaqqala şəhərinin valisi Ömer Toraman şəhid ailələrini qəbul edib. O, Azərbaycandan olan şəhid ailələrini şəhərlərində görməkdən məmnunluq duyduğunu bildirib və səfərin iki qardaş xalq arasında mövcud dostluq və ortaq dəyərlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Nümayəndə heyəti şəhərdəki Atatürk abidəsini, Zəfər Muzeyini, Hisart Canlı Tarix Muzeyini, 1915-ci il Çanaqqala döyüşlərinin qəhrəmanlıq yadigarlarından olan və muzeyə çevrilən “Nusret" mina gəmisini də ziyarət edib.
Sonra Çanaqqala Şəhid Ailələri və Qazilər Dərnəyi ilə görüş keçirilib. Görüş zamanı iki qardaş ölkənin şəhid ailələrini bir araya gətirən layihələrin davam etdirilməsi və gələcəkdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.