“Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin Siyahısı” təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli Qərarını imzalayıb.
Qərarla həmçinin “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) Siyahısı”, eləcə də “Azərbaycan Respublikasında istehsal olunan, mədəni və yaradıcı sənaye sahələrinə aid edilən məhsul və xidmətlərin Siyahısı” və "Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin Siyahısı” təsdiq edilib.
Qərar “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə qəbul olunub.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına tapşırılıb və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, bu Qərarla təsdiq edilmiş siyahıların müvafiq məlumatların toplanılması, hesabatların tərtib edilməsi, təhlili və Azərbaycan Respublikasında iqtisadi fəaliyyətin nəticələrinin hesablanması zamanı nəzərdə tutulmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçirsinlər.
***