Ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım şahzadəsi Lalla Hasnaa mayın 6-da Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub.

Qonağı Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli müşayiət edib.

Qonağa mərkəz haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan Beynəlxalq Muğam Mərkəzi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.

Qeyd olunub ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. 2008-ci il dekabrın 27-də istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzinin binasının ümumi sahəsi 7,5 min kvadratmetrdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Mərkəzdə 350 yerlik konsert salonu, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası var. 

Mərakeşin xanım şahzadəsinə Beynəlxalq Muğam Mərkəzinin foyesindəki ekspozisiyada yer alan milli musiqi alətləri barədə də məlumat verilib.

Sonra konsert proqramı təqdim olunub.

Konsertdə yeniyetmə muğam ifaçısı Murad Nəbizadə, tar ifaçısı Mirnofəl Şəmkirli, "Qavaldaş" nağara ritm qrupu, G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri (saz ifaçıları), Bakı Xoreoqrafiya Akademiyasının şagirdləri, "Cücələrim" mahnı və rəqs ansamblı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri çıxış ediblər. 

Proqramda "Bayat-Şiraz", "Orta mahur" muğamları, "Misri" aşıq havası, "Məhəbbət çırağı" xor ifası səsləndirilib. "Qaval", "İgidlər" rəqsləri, "Şən rəqs" və "Qarabağ yallısı" ifa olunub.

Konsert milli musiqimizin zənginliyini və bədii-estetik dəyərlərini nümayiş etdirib.

Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb.