M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində Türkiyənin İstanbul şəhərindəki Mərmərə Universitetində dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 140 illiyinə həsr olunmuş növbəti konsert keçirilib.
Mayın 2-də gerçəkləşən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdi Surə Rüfət (violin) və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Xədicə Cahangirova (piano) çıxış ediblər.
Konsertdən əvvəl filarmoniyanın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova-Zəkəriyyə "Gənclərə dəstək" layihəsi haqqında ətraflı məlumat verib.
Proqramda Ü.Hacıbəyli, Q.Qarayev, A.Məlikov, S.Rüstəmov, N.Paqanini, F.Şopen, H.Wieniawski və S.Raxmaninovun əsərləri səsləndirilib.
Tədbirin moderatoru Mərmərə Üniversiteti İncəsənət fakültəsinin müəllimi Aytac Rzaquliyeva hər bir əsər haqqında dinləyicilərə məlumat verib.
Konsertin sonunda isə Mərmərə Universiteti tərəfindən iştirakçılara diplomlar, xatirə hədiyyələri təqdim olunub.
Xatırladaq ki, “Gənclərə dəstək” layihəsinin məqsədi gənc istedadları aşkara çıxarmaq, onlara həm Azərbaycanda, həm də xaricdə səhnə imkanı yaratmaq və peşəkar musiqiçi kimi yetişmələrini dəstəkləməkdir. Layihənin ideya müəllifi və rəhbəri filarmoniyanın direktoru Xalq artisti, professor Murad Adıgözəlzadə, layihənin koordinatoru filarmoniyanın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ayla Kərimova-Zəkəriyyədir.
Qeyd edək ki, layihənin xaricdə Üzeyir Hacıbəylinin yubileyinə həsr olunan bundan əvvəlki konserti Avstriyanın paytaxtı Vyanada keçirilmişdi.