“Ultra Production” (Azərbaycan) və “Poetika Film” (Türkiyə) studiyaları, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və İctimai Televiziyanın birgə layihəsi olan filmin istehsalına başlanılıb.

AKİ-dən verilən məlumata görə, “Ölü Həsən” adlı filmin ssenari müəllifləri Türkan Hüseyn, İsmayıl İman, quruluşçu rejissoru Türkan Hüseyndir.   

Quruluşçu operator Vasif Vəlizadə, quruluşçu rəssam Turan Yusifova, ikinci rejissor Asif İsgəndərli, səs operatoru Emin Mahmudov, prodüserlər Emil Nəcəfov, Pərviz Məmmədov, Əli İsa Cabbarov, ko-prodüserlər Emrah Kılıç və Sevinc Əliyeva, icraçı prodüserlər Elməddin Alıyev və Duyğu Dəvəlidir.

Ekran əsəri mistik realizm və dram janrlarının birləşdirilməsi əsasında ərsəyə gətirilir. Filmin süjetinə görə, səhvən ölü bilinən Həsən gözlərini açır və kənd əhalisi onun mistik güclərə sahib olduğuna inanır. Hadisələrin sonrakı gedişatı Həsənin ətrafında cərəyan etməyə başlayır və ssenari bu mistik atmosfer əsasında inkişaf etdirilir. 

Filmdə Qurban Əhmədov, Natavan Abbaslı, Qurban İsmayılov, Türkay Cəfərli, Orxan İskəndərli, Ülvi Həşim, Ramil Məmmədov, Mətləb Abuşov, Sevinc Əliyeva, Eltəkin Xan, Nigar Məmmədova, Əzizə Həşimli və Vaqif Kərimov çəkilirlər. 

Çəkilişlər Şamaxı rayonunda, Bakının Qobustan, Zirə və Sahil qəsəbələri ilə yanaşı, mərkəzi hissələrində də aparılır.

İstehsalı 2025-ci ildə başa çatacaq filmin beynəlxalq festivallarda nümayişi, daha sonra kinoteatrlarda göstərilməsi nəzərdə tutulur.