Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” layihəsi üzrə 22-29 aprel tarixlərində təlimlər keçirilib. 

AKİ-dən bildirilib ki, təlimə 11 iştirakçı cəlb olunub.

Sənədli filmlər üzrə mütəxəssis Tue Steen Müllerin (Danimarka) mentorluğu ilə keçirilən təlimlər iştirakçıların juri önündə təqdimatı ilə başa çatıb.

Jürinin tərkibi AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, rejissor və  quruluşçu operatorlar Daniel Quliyev və Oktay Namazovdan ibarət olub.

Əli İsa Cabbarov qeyd edib ki, sənədli kinomuzun ənənələri nə qədər inkiş etmiş olsa da, hələlik dünya standartlarına cavab vermir və görüləsi işlər çoxdur: "Bu tədbirləri biz kreativ sənədli kinonun inkişafı üçün təşkil edirik. Bu ilk addımdır. Burada kimin qalib gəlməsindən daha çox, sənədli kino icmasının yaranması, əlaqələrin qurulması vacibdir".

Mentor Tue Steen Müllerin sözlərinə görə, layihə gənc azərbaycanlı sənədli film rejissorlarının yüksək rəqabətli beynəlxalq forumlarda seçilmək şansını artırır: "Təlimçi kimi zövq aldım. İştirakçılar təqdimat bacarıqlarını artırmaq və tizer treylerlərini püxtələşdirməkdən ötrü çox çalışdılar. Ümid edirəm ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə keçirilən bu layihənin davamı olacaq”.

Jürinin qərarına əsasən, layihənin 6 qalibi olub: Çəkilişə dəstək mükafatı – “Dado” – rejissor Azər Allahverdi; Xarici layihədə təqdimat etmək üçün səyahət dəstəyi mükafatı – “Səma köçəriləri” – rejissor Aytac Süleymanova, prodüser Elməddin Süleymanov; Pre-production + tizerə dəstək mükafatı – "Adsız" – rejissor Nərgiz Məmmədli, prodüser Ələmdar Faiq; Post-productin mərhələsinə dəstək mükafatı – "Cahanın əlifbası" – rejissor Elcan Məmmədov, prodüser Zərif Bəkirova; Logistika dəstəyi mükafatı – "Mənim virtual evim" – rejissor Ülviyyə Əhmədova, prodüser Nicat Dadaşov; Pre-production mərhələsinə texniki dəstək mükafatı – "Atılmış kənddə şirin xatirələr" – rejisor Aynur Kazımova.

Layihənin qaliblərinə AKİ tərəfindən maliyyə və təşkilati dəstək veriləcək.