Azərbaycanın turizm imkanları 28 aprel – 1 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ATM 2025” (Arabian Travel Market 2025) beynəlxalq turizm sərgisində nümayiş etdirilib.

Dövlət Turizm Agentliyindən (DTA) verilən məlumata görə, sərgidə ölkəmiz Azərbaycan Turizm Bürosu, eləcə də “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, hotel və turizm şirkətləri daxil olmaqla 41 yerli tərəfdaş tərəfindən təmsil olunub.

Milli stenddə VR texnologiyası vasitəsilə ziyarətçilər Azərbaycanın təbiət mənzərələrini və canlı şəhər həyatını müşahidə edə biliblər. Ziyarətçilərə Azərbaycanın təbiəti və kulinariyası, dağ-xizək kurortları, açıq hava və macəra turizmi imkanları barədə ətraflı məlumat verilib, həmçinin milli şirniyyatların dequstasiyası imkanı təqdim olunub. Stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilib, eləcə də "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilib.

Azərbaycan Respublikasının Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov da milli stendi ziyarət edib.

DTA-nın məlumatında o da diqqətə çatdırılır ki, sadələşdirilmiş viza prosedurları və birbaşa uçuşların sayının artması Körfəz ölkələrindən olan səyahətçilərin Azərbaycana səfərlərini təşviq edir. Birləşmiş Ərəb Əmirlikləri və Qətər vətəndaşları vizasız formada, Küveyt, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn vətəndaşları isə yalnız evisa.gov.az portalı vasitəsilə üç iş gününə və ya təcili prosedurla üç saata qədər elektron viza əldə edə edərək Azərbaycana səfər edirlər.