M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 3 may – Türkçülük Gününə həsr olunmuş “Birlik ruhu” adlı konsert keçirilib.

Musiqi axşamı Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və filarmoniyanın birgə təşkilatçılığı ilə baş tutub.

Konserti izləyənlər arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva da olub.

Tədbirin əvvəlində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək fondun fəaliyyətindən ətraflı danışıb, həmçinin konsertin təşkilinə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Səhnədə dirijorlar Yalçın Adıgözəlov və Kanat Ömərovun (Qazaxıstan) rəhbərliyi ilə Niyazi adına Dövlət Simfonik Orkestri və Qazaxıstanın “Turan” etnofolklor ansamblı çıxış edib.

Konsertdə türk xalqlarının musiqi irsinin zənginliyini, mənəvi birliyini əks etdirən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistan xalq mahnıları və bəstəkarların əsərləri səsləndirilib.