Mayın 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə "Dildə, fikirdə, əməldə birlik: Türk dünyasının gələcəyi" mövzusunda panel iclas keçirilib.
3 may – Türkçülük Gününə həsr edilən tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, media mənsubları iştirak ediblər.
Panel Türk dünyasının ortaq dəyərləri və gələcək inkişaf istiqamətləri üzrə müzakirə aparmaq məqsədilə təşkil edilib.
Toplantı şəhidlərin əziz xatirəsinin yad edilməsi, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Türk dünyası ortaq dəyərlərinin əks olunduğu videoçarx nümayiş etdirilib.
Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir çıxış edərək paneldən əvvəl Türkiyə və Azərbaycanın ictimaiyyət nümayəndələrinin, media və qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirakı ilə iki dəyirmi masa keçirildiyini diqqətə çatdırıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Türk dünyasını təkcə ortaq tarixin deyil, həm də ümumi mənəvi dəyərlərin birləşdirdiyini deyib: “Bizim üçün hər bir türk yurdu eyni taleyi bölüşdüyümüz bir ana nəfəsi qədər doğmadır. Zaman-zaman türk xalqlarını bir-birindən ayrı salmağa çalışsalar da, onlar tarixin bütün sınaqlarından üzüağ çıxmağı bacarıblar. Çünki biz həm qılıncı, həm qələmi, həm də könlü ilə tarix yazan millətik. Nə xoş ki, bu gün Türk dünyası artıq bir xəyal deyil, reallıqdır, tarixi missiyadır. Bu, gələcək nəsillərə ötürməli olduğumuz müqəddəs bir mirasdır. Biz hər birimiz bu mirası qoruyaraq mədəniyyətimizi, dilimizi, adət-ənənəmizi, birliyimizi və gücümüzü yaşatmalıyıq”.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün TDT-nin, sadəcə, regional platforma deyil, eyni zamanda həmrəyliyin təzahürü, beynəlxalq aləmdə əməkdaşlığı və birliyi təşviq edən platforma olduğunu bildirib.
"Siyasi həmrəylik, enerji təhlükəsizliyi, elm və mədəni diplomatiya sahəsində ortaq əməkdaşlıq üzərində çalışırıq. Biz sülhün, qarşılıqlı etimadın bərqərar olduğu bölgə qurmağı hədəfləyirik. Elm və texnologiyadan tutmuş enerji əməkdaşlığına qədər birgə strategiyalar, proqramlar və layihələr hazırlamaq labüddür və biz bunu dəstəkləyirik. Mədəni diplomatiya sahəsində fəaliyyətlərin dərinləşdirilməsi təkcə Türk dünyasında deyil, beynəlxalq ictimaiyyətdə də müsbət türk obrazının formalaşmasına səbəb olacaq", – deyə B.Akgün qeyd edib.
Toplantıda Türkiyə Prezidenti Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri professor Fahrettin Altunun videomüraciəti də yayımlanıb.
Müraciətdə Türk dünyasının qədim mərkəzlərindən biri olan Bakıda ortaq gələcəyimizlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə keçirilən panelin əhəmiyyəti vurğulanıb: "Türk Dövlətləri Təşkilatı Türk dünyasını siyasi, iqtisadi, mədəni və sosial sahələrdə bir araya gətirərək bölgəmizin ən güclü əməkdaşlıq strukturlarından birinə çevrilib. Türkiyə bu strukturu daha da gücləndirmək və ortaq dəyərlər əsasında irəliləyişini davam etdirmək üçün ilk gündən böyük səylər göstərir.
Mərhum İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, əməldə birlik” şüarı keçmişdən bu günə Türk dünyasının şüarı olub. “Dildə birlik”: Bu, ünsiyyət və anlaşmamızı gücləndirmək və ümumi dilin daşıyıcısı olduğu dəyərləri nəsillər boyu yaşatmaq deməkdir. “Fikirdə birlik": Türk dünyasının ortaq baxışını qlobal sınaqlar və çağırışlar qarşısında ortaq strateji düşüncə ilə formalaşdırmaq deməkdir. “Əməldə birlik”: Məqsədimiz iqtisadi inkişafdan təhsil islahatlarına, rəqəmsal transformasiyadan gənclərin bilik və bacarıqlarının inkişafına qədər hər sahədə konkret layihələrlə irəliləməkdir.
Türk dünyası ölkələri olaraq ortaq tarix və mədəniyyətimizdən aldığımız güclə bu gün əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldırmaq məsuliyyətini daşıyırıq. Bu məsuliyyəti dərk edərək inanıram ki, panelimiz intellektual biliklərimizi zənginləşdirməklə yanaşı, konkret addımlarla irəliləməyimizi təmin edən ilham mənbəyi olacaq. dəyərli natiqlərinə və tədbirin təşkilində əməyi keçən dəyərli həmkarlarıma təşəkkürümü bildirirəm".
***
Ankara Hacı Bayram Veli Universiteti Türk dili və ədəbiyyatı bölümünün professoru Hülya Kasapoğlu Çengelin moderatorluğu ilə gerçəkləşən paneldə TDT-yə üzv və müşahidəçi ölkələrin nümayəndələri – Azərbaycan Türk Ocağı Cəmiyyətinin sədri, Mətbuat Şurası idarə heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, Qazaxıstanın paytaxtı Astanada fəaliyyət göstərən Türk Akademiyasının vitse-prezidenti Ashat Kesikbayev, Qırğızıstan parlamenti – Joqorku Keneşin deputatı Dastan Cumabekov, Özbəkistanın "İnkişaf Strategiyası" Mərkəzinin şöbə müdiri Farrux Hakimov, Türk Dövlətləri Təşkilatının Macarıstan təmsilçiliyinin icraçı direktoru Balazs Hendrik, Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin müşaviri Gökhan Güler çıxış ediblər.
Çıxışlarda Türk dünyası ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsi yollarından söz açılıb, əlaqələrin dərinləşdirilməsi naminə təkliflər irəli sürülüb.
***
Tədbir bədii hissə ilə yekunlaşıb. Türkiyədə yaşayan və panelin qonağı kimi Bakıya gələn Azərbaycanın Əməkdar artisti, bəstəkar, pianoçu Turan Manafzadənin ifasında Azərbaycan və Türkiyə musiqisindən nümunələr, həmçinin V.A.Motsartın "Türk marşı" alqışlarla qarşılanıb.
Vüqar Orxan