
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanından müvafiq keçid balını toplayan 42 nəfər namizəd Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəblərinə direktor və direktor müavini təyin olunmaq üçün ötən həftə ərzində işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edib.
Müsahibə mərhələsi üzrə minimal keçid balı direktor vəzifəsi üçün 22 bal, direktor müavini vəzifəsi üçün isə 20 bal müəyyən olunub.
İştirak edən namizədlərdən 19 nəfəri müsahibə mərhələsində uğur qazanıb.
Namizədlər müsahibə mərhələsinin nəticələri elan olunduğu tarixdən etibarən üç iş günü müddətində “MyCulture” vahid şəxsi kabineti vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Apellyasiya müraciətlərinə on iş günü ərzində Apellyasiya Komissiyası tərəfindən baxılacaq.
Qeyd edək ki, vakansiya seçimi yekun nəticələr elan edildikdən sonra beş iş günü ərzində aparılacaq.