Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Salyan Dövlət Kukla Teatrında Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşovun 80 illik yubileyi qeyd olunub.
Tədbirdə rayon rəsmiləri, YAP-ın nümayəndələri, mədəniyyət işçiləri, teatrsevərlər iştirak ediblər.
Əvvəlcə yubilyarın ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Qeyd olunub ki, ömrünün 60 ilindən çoxunu mədəniyyət sahəsinə həsr edən Cahangir Bahadır oğlu Qaraşov 1945-ci ildə rayonun Sarvan kəndində dünyaya göz açıb. Bakı Kitabxanaçılıq Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Müxtəlif illərdə rayonun Şorsulu kənd klubunda müdir, Azərbaycan Televiziya və Radio Komitəsində rejissor köməkçisi, Abdulla Şaiq adına Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib.
1972-ci ildə rayon Mədəniyyət evində aktyor Əlizadə Əliyevlə birgə kukla dərnəyi yaradıb. Dərnək 1975-ci ildə kukla xalq teatrı, 1994-cü ildə isə dövlət kukla teatrı statusu alıb.
Cahangir Qaraşov tamaşalarda həm rejissor, həm də aktyor kimi çıxış edib. “O olmasın, bu olsun”, “Bəxtsiz cavan”, “Oqtay Eloğlu”, “Solğun çiçəklər” və digər tamaşalarda uğurlu obrazlar yaradan aktyor kinorejissor Rauf Kazımovskinin “Poçt qutusu” filmində epizodik rolda çəkilib.
Bildirilib ki, Cahangir Qaraşov ölkə hüdudlarından kənarda da Azərbaycan mədəniyyətinin təbliğinə töhfələr verib. O, İspaniyada dünya folklor festivalında laureat adına layiq görülüb, Ukrayna, Rusiya, Özbəkistan, Estoniya və digər ölkələrdə Azərbaycan mədəniyyəti ongünlüklərində uğurla iştirak edib.
Mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilən Cahangir Qaraşov “Rəşadətli əməyə görə” medalı, “Fəxri mədəniyyət işçisi” döş nişanı, 2014-cü ildə isə ölkə başçısının sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Çıxış edənlər yubilyarı təbrik edib, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda Salyan rayon Mədəniyyət Mərkəzi və Salyan Dövlət Kukla Teatrının yaradıcı kollektivi tərəfindən səhnəciklər göstərilib, musiqi və rəqs nömrələri nümayiş etdirilib. Yubilyara fəxri fərman və hədiyyələr təqdim olunub.
Nurəddin